...

Təhsil Nazirliyi peşə liseylərində monitorinqlərə başlayacaq

Cəmiyyət Materials 28 Mart 2013 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən ölkənin bır sıra peşə liseylərində monitorinqlər aparmağa başlayacaq. Bunu cümə axşamı Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib.

Onun sözlərinə görə, monitorinq zamanı peşə liseylərinin buraxılış imtahanlarında göstərdiyi nəticələr təhlil ediləcək. Bununla yanaşı, məktəbin istehsalat təcrübəsinin təşkili ilə bağlı vəziyyət və s. məsələlər araşdırılacaq.

Məmmədov deyib ki, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının peşə liseylərinin sonuncu sinfində oxuyan şagirdlər üçün keçirdiyi buraxılış imtahanında 258 şagird iştirak etməyib, 8 nəfərin biliyi qiymətləndirilməyib, 24 nəfər imtahana buraxılmayıb. Ümumilikdə 1300-ə yaxın şagird bir və ya iki fəndən "iki" qiyməti alıb. İmtahanın nəticələrinə əsasən, 3125 nəfər müəyyən qiymətlər alıblar. Ümumilikdə imtahanda iştirak edən şagirdlərin 65 faizi attestat ala biləcəklər.

"İmtahanın nəticələrinə görə, bəzi müəssisələrdə irəliləmə, bəzilərində isə geriləmə müşahidə etmişik. Hazırda bununla əlaqədar təhlillər aparılır. Təhsil Nazirliyinə daha ətraflı məlumatlar təqdim edildikdən sonra bununla bağlı müvafiq monitorinqlər aparılacaq və müəyyən tədbirlər görüləcək", - nazirlik rəsmisi əlavə edib.

Məsələ ilə bağlı bu gün nazirliyin müvafiq şöbəsində iclasın keçirildiyini də deyən Məmmədovun sözlərinə görə, məktəblərdə bununla əlaqədar hansı tədbirlərin görülməsinin zəruri olması ilə bağlı hədəflər müəyyənləşdirilib.

Nazirlik rəsmisi qeyd edib ki, əvvəlcə buraxılış imtahanlarının nəticələrinə əsasən hansı məktəblərdə irəliləmə və ya geriləmənin baş verdiyi müəyyən ediləcək. Bundan əlavə, artıq bir necə ildir ki, zəif nəticə göstərən məktəblərdə belə halların baş verməsinin səbəblərini aydınlaşdırmaq üçün təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Nəticələrdən asılı olaraq, bir sıra məktəb rəhbərləri və müəllimlərə qarşı müəyyən nizam-intizam tənbehi tətbiq edilə bilər. Nazirlik müsbət təcrübəni yaymaq üçün yaxşı nəticə göstərən məktəblərin də fəaliyyətini təhlil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti