Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/
Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslər üçün Mingəçevir şəhərində böyük bir reabilitasiya mərkəzinin tikintisi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Onun sözlərinə görə, həmin mərkəz müalicəvi baxımdan ən müasir standartlara cavab verəcək.
"Artıq həmin mərkəzin layihə və sənədləri tərtib edilərək Nazirlər Kabinetinə təqdim olunub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri Ukraynada analoji reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olublar", - nazir müavini qeyd edib.