Azərbaycan, Bakı, 8 may /Trend/
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumu öz işini yekunlaşdırıb.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq konfransın bağlanış sessiyasına sədrlik edən İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin konfransın maraqlı keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O deyib ki, 1-ci Cənubi Qafqaz Forumunun keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək.
Kanadanın sabiq Baş naziri, Madrid Klubunun üzvü xanım Kim Kempbel müştərək cəmiyyətlərin yaradılmasının əhəmiyyətini qeyd edərək vurğulayıb ki, bunun üçün hər bir insanın institusional hüquqlarını tanıyan, onlara hörmətlə yanaşan bir sistemin qurulması tələb olunur. Azərbaycan Prezidentinin ölkəmizin etnik, dini müxtəlifliyinin ən böyük sərvətlərindən olması ilə bağlı sözlərini diqqətə çatdıran Kim Kempbel respublikamızda qadınların 1918-ci ildə seçib-seçilmək hüququ qazandığını xatırladıb. Kanadanın sabiq Baş naziri, həmçinin müştərək cəmiyyətlərin qurulmasında ədəbiyyatın və mədəniyyətin rolunu xüsusi vurğulayıb.
Latviyanın sabiq Prezidenti, Madrid Klubunun üzvü Valdis Birkavs müştərək cəmiyyətlərin yalnız kiçik ölkələr üçün deyil, böyük ölkələr üçün də mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Çünki müştərək cəmiyyətlər ölkələr, xalqlar arasında dialoqu təşviq edir. Müştərək cəmiyyətləri qurarkən biz həm öz uğurlarmızı, həm də səhvlərimizi müzakirə etmək imkanı qazanırıq". O, çıxışının sonunda müştərək cəmiyyətlərin qurulmasına töhfə verən insanlara təşəkkür edib.
Yeni Zelandiyanın sabiq Baş naziri, Madrid Klubunun vitse-prezidenti Cenni Şipli Cənubi Qafqaz Forumunun bu regionda mühüm məsələlərin müzakirəsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib. Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü çatdıran C.Şipli Azərbaycan Prezidentinin bu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikirlərindən məmnun qalıb: "Biz Prezident İlham Əliyevin multikulturalizmə alternativin olmaması ilə bağlı fikrinə tam şərikik". Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu vurğulayan natiq kiçik dövlətlərin böyük dövlətlər qədər müştərək cəmiyyətlərdə fəal iştirak edə biləcəklərini vurğulayıb. O, bu Forumdakı çıxışlarda yeni ideyaların, çağırışların səsləndirildiyini qeyd edərək bu baxımdan tədbirin əhəmiyyətini yüksək dəyərləndirib.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanın dünyanın sabiq dövlət və hökumət başçılarının ən böyük Forumu olan Madrid Klubunun bu möhtəşəm tədbirinə ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiyini bildirib. Nazim İbrahimov ölkəmizin qadın hüquqları, insan haqları, demokratik dövlət quruculuğu istiqamətində mühüm yol qət etdiyini vurğulayaraq müsəlman şərqində ilk dəfə olaraq qadınların azadlığı, onlara səsvermə hüququnun Azərbaycanda verildiyini diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri dini etiqad azadlığı, dini, etnik dözümlülüyün mövcud olduğu və vətəndaş cəmiyyətinin qurulması istiqamətində sürətlə inkişaf edən Bakının bu mötəbər tədbirin keçirilməsi üçün seçilməsini ölkəmizə inamın göstəricisi kimi səciyyələndirib: "Biz bu tədbirləri yüksək səviyyədə keçirməklə dünyaya bir daha sübut etmək istəyirik ki, Azərbaycan demokratiya yolunda inkişaf edir, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətlə gedir".
Forumun ölkəmiz üçün əhəmiyyətindən danışan Nazim İbrahimov qloballaşmanın sürətlə vüsət aldığı bir dövrdə dünya ölkələrini narahat edən problemlərin, həmçinin onların siyasi xəttinin prioritetlərini təşkil edən məsələlərin Forumda müzakirə edilməsinin, bu sahədə qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılmasının Azərbaycan üçün çox önəmli olduğunu və bu problemlərin həllinin qarşıda duran mühüm vəzifələr olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri etnik zəmində dözümlülük nümayiş etdirən, əsrlər boyu müxtəlif millətlərin yaşamasına baxmayaraq antisemitizmin müşahidə olunmadığı Azərbaycanda etnik, dini rəngarənglikdən istifadə edərək qarışıqlıqlar yaratmaq istəyən qüvvələrin olduğunu təəssüflə qeyd edib. "Bu baxımdan gənc dövlətlərin illərlə ölkəsini idarə etmiş sizin kimi insanların təcrübəsinə ehtiyacı var, sizin çıxışlarınız bizim üçün çox əhəmiyyətlidir və biz gələcəkdə sizlərin təcrübəsindən səmərəli şəkildə faydalanacağıq".
Cənubi Qafqaz Forumunun sivilizasiyalarası dialoqun inkişafına böyük töhfə verəcəyini xüsusi qeyd edən Nazim İbrahimov tədbirin uğurla həyata keçirilməsində əsas səbəbkarlardan olan Nizami Gəncəvi beynəlxalq Mərkəzinin hər zaman sivilizasiyalararası dialoq kimi bəşəriyyət üçün önəmli olan problemlərə diqqətlə yanaşdığını, qərbin nüfuzlu təşkilatları ilə əməkdaşlığa önəm verdiyni xatırladıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mötəbər tədbirin təşkilində səylərini əsirgəməyən İsgəndəriyyə Kitabxanasına, Sülh Mədəniyyəti Fonduna, alimlərə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə də xüsusi minnətdarlıq edib. Nazim İbrahimov Forumun Azərbaycanla Madrid Klubu arasında qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına təkan verəcəyinə ümid etidyini deyib. Nazim İbrahimov gələcəkdə Bakının istənilən beynəlxalq tədbirə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Dövlət Komitəsinin sədri Cənubi Qafqazda ilk dəfə keçirilən bu Forumun bəşəri dəyərləri təbliğ edən Madrid Klubu üzvlərinin Azərbaycan haqqında daha dolğun informasiya əldə etməsi üçün də münbit şərait yaratdığına əmin olduğunu bildirib. "İnanırıq ki, Azərbaycanla bağlı sizin xoş təəssüratlarınız bizim illərlə apardığımız təbliğata bərabər olacaq".
Müzakirələrə yekun vuran İsmayıl Seragəldin belə forumların Azərbaycanın beynəlxalq əməkdaşlıq və mötəbər tədbirlərə ev sahibliyi etmək istiqamətində təcrübəsinin daha da zənginləşməsinə imkan yaratdığını vurğulayıb.
Qeyd edək ki, Cənubi Qafqaz Forumunun sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb.
Bununla da Cənubi Qafqaz Forumu işini başa çatdırıb.