...

Fərhad Məmmədov: Azərbaycan və Türkiyədə olan tolerantlıq, dinlərarası münasibət nümunəvi xarakter daşıyır

Cəmiyyət Materials 30 May 2013 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa" mövzusunda işçi sessiya keçirilib.

Trend-in məlumatına görə, sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov sessiyanın mövzusunun çox maraqlı olduğunu deyib: "Deməzdim ki, bu mövzu ilə bağlı problem var. Çünki Qərb və müsəlman-islam münasibətləri bir tərəfdən geosiyasi region, digər tərəfdən din əsasında qurulub. Bir çox təzadlı məqamlar var ki, bu məqamlar bizim üçün müəyyən problemlər yaradır. Məsələn, Türkiyənin Avropa İttifaqına daxil olmaması məsələsi. Bu, bizim əhali üçün müəyyən dini kontekstdə problem olmasını nümayiş etdirir".

F.Məmmədovun sözlərinə görə, Azərbaycan və Türkiyədə olan tolerantlıq, dinlərarası münasibət nümunəvi xarakter daşıyır. Ölkələr hər zaman belə münasibətləri yaymaq, təcrübələrini dünya ictimaiyyətinə çatdırmaq fikrindədir.

Mərkəz rəhbəri deyib ki, Azərbaycan üçün əsas məsələ dinlərarası və regionlararası sülhdür.

Onun sözlərinə görə, qloballaşma prosesinin sürətlənməsi nöqtəsində bütün cəmiyyətlər eyni səviyyəyə çatmayıb. İki böyük din, sivilizasiya arasında dost münasibətlərin formalaşmasında mühüm rol oynayan iqtisadi amilin gücü çox vacibdir. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə dinlərarası münasibətlər çox gözəl tənzimlənir. Ən əsası, daim fəaliyyətdə olan platformalar olmalıdır.

"Euronext" təşkilatının Avropa idarəetmə məsələləri üzrə icraçı direktoru Rabah Ghezali bu forumun keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki, dünya din federasiyalarından ibarət deyil.

Rabah Ghezalinin sözlərinə görə, insanlar arasında 90 faiz oxşar, 10 faiz fərqli xüsusiyyətlər var. İnsanlar onları birləşdirən cəhətlər ətrafında cəmləşməlidir. Dünyanın dinə görə qütbləşməsinin əleyhinə olduqlarını deyən qonaq bildirib ki, təcrübə mübadiləsi mədəniyyətlər haqqında geniş anlayışlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti