...

"Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 19 İyun 2013 12:21 (UTC +04:00)
Bu gün Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu "Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib.
"Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Məclisin deputatı Musa Urudun müəllifi olduğu "Zəngəzur toponimləri" adlı kitabın təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkilləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə YAP icra katibinin müavini Mübariz Qurbanlı açaraq deyib ki, uzun müddətdir ki, millət vəkili Musa Urudla birgə Parlamentdə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirlərində çıxışlar olub. Həmin tədbirlərdə Musa Urud çıxışı zamanı yalnız bir məqama toxunub. Burada Ermənistanın Azərbaycana qarşı işğalçılığını ifşa edən faktlar önə çəkilirdi: "Kitabda tarixi faktlarla yanaşı, epizodlar da öz dəqiqliyi ilə təqdim olunub. Hamıya məlumdur ki, zaman-zaman ermənilər Azərbaycan torpaqlarını zəbt ediblər. Bununla da tariximiz saxtalaşdırıldı. Tarixdə həqiqət qızıla bərabərdir, yalan isə həmişə çürüyəcək. "Zəngəzur toponimləri" ilə bağlı xeyli sayda kitablar, əsərlər, faktlara söykənən dəlil və sübutlar vardır".

Daha sonra "Zəngəzur toponimləri" adlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov kitabın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu kitab tariximizin gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:

"Kitabı oxuyarkən Zəngəzur haqqında böyük təəssürat yaranır. Bu, kitabı yazan insanın qəlbində həmin torpağın ağrı-acısı hiss olunmaqdadır. Bu bir daha onu göstərir ki, adı çəkilən bu kitab böyük qəlblə, sevgi ilə ərsəyə gəlib. Əminəm ki, tezliklə biz əzəli torpağımız olan Dağlıq Qarabağı erməni işğalçıların tapdağı altından azad edəcəyik. Azərbaycanın ildən-ilə qüdrətlənməsi, iqtisadi imkanlarının getdikcə artması hesab edirəm ki, bunu daha da tezləşdirəcək. Kitab özlüyündə çox dəyərlidir. Zəngəzuru görməyən hər bir insan bu kitab vasitəsilə həmin bölgə haqqında ətraflı məlumat əldə edəcək".

Daha sonra millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, AMEA-nın müxbir üzvü Bəylər Əliyev və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti