Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/
Azərbaycanda keçiriləcək prezident seçkilərində hərəkət qabiliyyəti məhdud olan vətəndaşların səs verməsi üçün xüsusi şərait yaradılacaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, bundan əvvəlki seçkilərdə gözdən əlil seçicilər üçün səsvermə şəraiti təmin olunub. Bu seçkilərdə isə hərəkət qabiliyyəti məhdud olan vətəndaşların səsvermə hüququnun təmin edilməsi üzərində işlər aparılır.
M.Pənahovun sözlərinə görə, artıq 1500-ə yaxın məntəqə seçki komissiyalarında bu cür vətəndaşların olduğu müəyyənləşdirilib: "Onlar üçün pilləkənlər üzərində pantus quraşdırılacaq. Həmin vətəndaşların da digər vətəndaşlar kimi istədiyi namizədə səs verməsi hüququ təmin ediləcək."
Qeyd edək ki, pantus əlil arabaları üçün xüsusi qurğudur.