Azərbaycan, Bakı, 6 sentyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, ümumilikdə, monitorinqlər zamanı Bakının Nəsimi, Sabunçu, Xətai rayonlarında, eləcə də respublikanın Sumqayıt, Şəmkir, Gəncə, Biləsuvar, Göyçay şəhərlərində, Kürdəmir, Xaçmaz rayonlarındakı mağazalarda 390 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.