...

Ukraynada Azərbaycanın müstəqillik günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2013 09:53 (UTC +04:00)
Nikolayev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Nikolayev Vilayətindəki Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
Ukraynada Azərbaycanın müstəqillik günü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Nikolayev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Nikolayev Vilayətindəki Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Bu barədə UAGB-dan Trend-ə daxil olan məlumatda bildirilir.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa, Krım, Xerson, Kiyev və digər şəhər təşkilatlarının fəalları Azərbycanın Milli Müstəqillik gününə həsr olunmuş silsilə tədbirlərə Nikolayev şəhər 3 saylı klinik xəstəxanadakı talasemiyalı xəstələrə qan vermə aksiyası keçirməklə qoşulublar.

Sonra tədbir Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin təşəbbüsü ilə Bereznyakovski rayonunda inşa olunmuş 416-cı Taqanroq Azərbaycan Diviziyasının abidə kompleksinin önünə tər çiçəklər qoymaqla davam etdirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov, Odessa, Krım, Sevastopol və digər vilayət təşkilatları rəhbərlərinin, Ukraynada təhsil alan və yaşayan azərbaycanlı gənclərin, media və diaspora fəallarının iştirak etdiyi tədbirdə Nikolayev Vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Yunis Əliyev çıxış edərək, Azərbaycan xalqının əsrlər boyu dövlət müstəqilliyi uğrunda apardığı şanlı mübarizə tarixindən danışıb. 22 il bundan öncə əldə olunmuş müstəqil Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı göz bəbəyi kimi qoruyub saxlamalı, üçrəngli bayrağımızı yüksəklərə qaldırmağı özünə şərəf və ləyaqət borcu hesab etməlidir deyən Yunis Əliyev azərbaycanlı gəncləri bu məsələdə daha fəal olmağa çağırıb.

Tədbirdə Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov, Krım Azərbaycanlıları Konqresinin sədri Rəhim Hümbətov, Sevastopolda fəaliyyət göstərən Qobustan radio proqramının rəhbəri Həbib Əliyev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva, Nikolayev vilayət təşkilatının sədri Elnarə Rüstəmova və Xerson vilayət təşkilatının sədri Elbin Quliyev çıxış edərək bu gün öz inkişaf və intibah dövrünü yaşayan Müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən bəhs ediblər. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənc və müasir Azərbaycan dövlətinin öz maddi, milli və mənəvi dəyərlərinə sahib çıxmasından qürur hissi duyduqlarını söyləyiblər. Dünya birliyinə inamlı inteqrasiya olunan müstəqil Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəyinə əminliklərini bildirən gənclər, vətənimizin sıravi əsgərləri kimi istənilən vaxt silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bəyan ediblər.

Sonra tədbir Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində davam etdirilib. Müstəqillik gününün sevinc dolu anlarını yaşayan məktəbli uşaqlar, tədbirə qatılanları Azərbaycanın dövlət himnini oxumaqla salamlayıblar. Uşaqları Azərbaycanın Milli müstəqillik günü münasibəti ilə təbrik edən Krım Azərbaycanlıları Konqresinin sədri Rəhim Hümbətov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə məktəblilərə Azərbaycanın qədim və zəngin mədəniyyəti, xalqımızın əsirlər boyu müstəqillik uğrunda apardığı mübarizə tarixi haqqında ətraflı məlumat veriblər. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, qədim və zəngin mədəniyyətimizin təbliğ olunmasında vətən hüdudlarından kənarda yaşayan uşaqların üzərinə düşən vəzifələrdən danışıblar. Uşaqlar isə öz növbələrində vətənə, xalqımıza, dövlətimizə həsr olunmuş şeirlər söyləməklə Azərbaycanı gələcəkdə layiqincə təmsil edəcəklərini öz fitri istedadları ilə sübuta yetiriblər .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti