...

Naxçıvanda “Heydər Əliyev.Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 7 Dekabr 2013 20:21 (UTC +04:00)
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilib.
Naxçıvanda “Heydər Əliyev.Şəxsiyyət və zaman” çoxcildliyinin “Ömrün Naxçıvan aşırımları” adlanan V cildinin təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin "Ömrün Naxçıvan aşırımları" adlanan V cildinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov təqdimat mərasimində çıxış edərək Elmira Axundovanın ümummilli lider Heydər Əliyev irsinin ən məhsuldar tədqiqatçılarından biri olduğunu demişdir. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinə qədər o, ulu öndərimizin siyasi bioqrafiyasının bu və ya digər dövrlərini əks etdirən "Naşirin qətli", "Həqiqət anları", "Şüşə saray" kitablarını, eləcə də 1990-cı ildən başlayaraq xalqımızın Ümummilli Liderinə həsr olunan və siyasi publisistikanın ən yaxşı nümunələri sayılan məqalələr yazmışdır. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi müəllifin 10 ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq fəaliyyətinin nəticəsi kimi ortaya çıxmışdır.

Beşinci cildin üz qabığında "1990-1993" rəqəmləri yazılmışdır və bu cild "Ömrün Naxçıvan aşırımları" adlanır. Kitab ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-1993-cü illərini əhatə edən Naxçıvan dövrünə həsr olunmuşdur. Müəllifin haqlı olaraq "Ömrün Naxçıvan aşırımları" adlandırdığı bu dövr istər Ulu Öndərimizin siyasi bioqrafiyasında, istərsə də Azərbaycanın dövlətçilik tarixində ən məsuliyyətli və taleyüklü bir dövrdür.

Ali Məclis Aparatının rəhbəri demişdir ki, çoxcildlikdə haqlı olaraq "Qayıdış" kitabına daha çox istinad edilir. Bu fundamental tədqiqatın müəllifi, Ümummilli Liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə onun ən yaxın dairəsində olan, bu böyük şəxsiyyəti Azərbaycanın gələcəyi üçün qoruyub hifz edən Vasif Talıbov "siyasi fəaliyyətin Naxçıvan dövrü"nü belə xarakterizə etmişdir: "Azərbaycan siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonradan isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı".

"Ömrün Naxçıvan aşırımları" kitabı, hər şeydən əvvəl, yazıçı-publisist qələminin məhsuludur. Müəllif özü bu kitabı roman-tədqiqat adlandırmışdır. Lakin kitabı oxuduqca aydın olur ki, o təkcə bədii düşüncənin yox, bununla yanaşı və bundan daha çox real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin və arxiv sənədlərinin məhsuludur.

Müəllif Ulu Öndərimizin yüzə yaxın müasirinin xatirələrini canlandırmış, kitab, qəzet, internet saytları və arxiv materiallarından istifadə etmiş, Ulu Öndərin həmin dövrə aid fotoşəkillərini yerləşdirmişdir. Bütün bunlar kitabın sənədli əsaslarıdır və heç şübhəsiz ki, bu baxımdan "Heydər Əliyev. Ömrün Naxçıvan aşırımları" kitabı Heydər Əliyev irsi ilə maraqlananlar üçün qiymətli mənbədir.

Əli Həsənov bildirmişdir ki, Ulu Öndərimizin siyasi və dövlətçilik fəaliyyətinə həsr edilmiş bu kitab oxuculara əlamətdar bir dövrdə təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli Sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2012-ci il 22 dekabr tarixli sessiyasında 2013-cü il muxtar respublikada "Heydər Əliyev ili" elan olunmuşdur. "Heydər Əliyev. Ömrün Naxçıvan aşırımları" kitabını Ümummilli Liderimizin 90 illiyinə və Naxçıvan Muxtar Respublikasında elan olunmuş "Heydər Əliyev ili"nə layiqli töhfə kimi dəyərləndirir, müəllifə təşəkkürümüzü bildiririk.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müəllifin on ilə yaxın gərgin zəhməti hesabına başa gələn kitabın Heydər Əliyevşünaslıq elminə qiymətli töhfə olduğunu bildirmişdir. Vurğulanmışdır ki, "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı Azərbaycanda roman-tədqiqat janrında yazılmış ilk əsərdir. Kitabın təkcə "Ömrün Naxçıvan aşırımları" adlanan V cildində 194 mənbəyə istinad edilməsi, müəllifin 120-dən artıq şəxsin fikirlərini ümumi süjet xəttinə daxil etməsi tarixi dövrün bütün incəlikləri ilə açılmasına xidmət etmişdir. Orijinal tədqiqat əsərinin əsas xüsusiyyətlərindən biri də tarixi həqiqətləri olduğu kimi çatdırmasında, Ümummilli Liderin ən çətin dönəmlərdə yanında olan siyasi silahdaşlarının xidmətlərini olduğu kimi təqdim etməsindədir. Akademik İsmayıl Hacıyev dəyərli tədqiqat əsərinin nəşri münasibətilə muxtar respublika ziyalıları və elmi ictimaiyyəti adından müəllifə təşəkkürünü bildirmişdir.

Təqdimat mərasimində çıxış edən "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının müəllifi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-publisist Elmira Axundova göstərilən yüksək diqqət və qayğıya, eyni zamanda kitabın yazılması zamanı göstərdiyi böyük köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirmişdir.

"Siz xoşbəxt insanlarsınız ki, bugünkü Naxçıvan möcüzəsini öz gözlərinizlə görürsünüz və bu möcüzənin yaradılmasında sizin də əməyiniz var", - deyən Elmira Axundova Naxçıvanın XX əsrin 90-cı illərindəki vəziyyəti ilə bu gününü müqayisə etmiş, müşahidə olunan inkişaf və tərəqqini ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqətin ifadəsi kimi dəyərləndirmişdir.

Sonra Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının "Ömrün Naxçıvan aşırımları" adlanan V cildini Heydər Əliyev Muzeyinə təqdim etmişdir. Təqdimat mərasimində, həmçinin muxtar respublikanın müxtəlif elm, təhsil, mədəniyyət müəssisələrinə də "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının V cildi hədiyyə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti