Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Kiyevdə Azərbaycan Gənclər Mərkəzində ASAİF və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə "Azərbaycan gəncliyinin inkişafında neft strategiyasının rolu" mövzusunda tədbir keçirilib.
Ukraynalı və azərbaycanlı gənclərin iştirak etdiyi tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, ölkəmizdə bütün sahələrlə yanaşı, Azərbaycan gəncliyinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldığını bildirib. Müstəqil Azərbaycan dövlətinin maddi və mədəni sərvətlərinə sahib çıxmasının qürurverici hal olduğunu diqqətə çatdıran A.Tahirov ölkəmizin hərtərəfli dinamik inkişafının kökündə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının dayandığını vurğulayıb.
Mövzunu statistik göstəricilərlə davam etdirən ASAIF və Xəzər Mühəndisləri İctimai Birliyinin həmtəsisçisi Rüfət Əzizov vaxtilə əfsanə adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin Azərbaycanın milli maraqları çərçivəsində tikilib istifadəyə verilməsinin tarixi əhəmiyyətindən danışıb. Bu gün Azərbaycan dövləti neftdən gələn gəliri insan kapitalı ilə əvəzləmək istiqamətində böyük işlər görür. Ölkəmizdə neft strategiyasının düzgün qurulmasından isə ən çox gənclərimiz faydalanır fikri ilə gənclərin diqqətini özünə cəlb edən Rüfət Əzizov dövlət hesabına hər il dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına yüzlərlə tələbənin göndərildiyini, onların müxtəlif ixtisaslar üzrə yüksək biliklərə yiyələndiklərini vurğulayıb. Vaxt gələcək, o kadrların ölkəmizə və dövlətimizə daha böyük maddi və mənəvi dividentlər verəcəyinə əminliyini bildirib.
Bu gün rəsmi Bakının razılığı olmadan bölgədə heç bir qlobal iqtisadi layihənin həyata keçirilməsinin mümkün olmadığını bildirən gənclər bunu Azərbaycanın bölgədə lider, beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrilməsinin əyani göstəricisi kimi dəyərləndiriblər.
Qeyd olunub ki, bu gün Azərbaycan dünyanın ən mötəbər idman və mədəni tədbirlərinin keçirilməsinə ev sahibliyi edir. Bundan da ən çox yararlanan təbii ki, Azərbaycan gəncliyidir. Son illər dünyanın idman arenalarında Azərbaycan bayrağını dalğalandıran gənclərimiz beynəlxalq musiqi festivallarında da böyük uğurlara imza atmaqla xalqımızın milli-mənəvi dəyərlərinin əsl sahiblərinə çevrilib.
2 saat davam edən tədbir gənclərin maraqlı müzakirələri ilə başa çatıb.