...

Pirotexniki və tezalışan malların Azərbqaycana gizli şəkildə gətirilməsi ilə bağlı 11 fakt üzrə materiallar məhkəməyə göndərilib (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2013 14:11 (UTC +04:00)
Pirotexniki və tezalışan malların Azərbqaycana gizli şəkildə gətirilməsi ilə bağlı 11 fakt üzrə materiallar məhkəməyə göndərilib.
Pirotexniki və tezalışan malların Azərbqaycana gizli şəkildə gətirilməsi ilə bağlı 11 fakt üzrə materiallar məhkəməyə göndərilib (FOTO)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/

Pirotexniki və tezalışan malların Azərbaycana gizli şəkildə gətirilməsi ilə bağlı 11 fakt üzrə materiallar məhkəməyə göndərilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son zamanlar, xüsusilə bayram günləri ərəfəsində bəzi şəxslər tərəfindən mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, heç bir təhlükəsizlik standartlarına cavab verməyən və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq və digər qanunsuz yollarla gətirilməsinə cəhdlər səngimir. Respublikanın gömrük orqanları tərəfindən bu kimi halların qarşısının alınması məqsədilə aparılan qətiyyətli tədbirlər davam etdirilir.

Təkcə Tovuz Gömrük İdarəsinin tabeliyində olan sərhəd gömrük postlarında pirotexniki vasitələrin gömrük nəzarətindən gizlin və ya bəyan olunmamış şəkildə aşkar olunaraq saxlanılmasına dair 19 fakt üzrə müvafiq araşdırma başlanıb. Saxlanılmış külli miqdarda pirotexniki vasitələrin əksəriyyəti Çin Xalq Respublikasında istehsal edilən, təhlükəsizlik meyarlarına cavab verməyən müxtəlif markalı fişənglər və xırda petardlardan ibarət olub.

Gömrük nəzarətindən gizlin şəkildə aşkar olunan bu kimi mallar adətən nəqliyyat vasitələrinin yük yerindən, ehtiyat təkərin içərisindən, mühərrik hissədə olan boşluqlardan, nəqliyyat vasitələrinin salonunda oturacaqların altından və bir sıra gizlin saxlanc yerlərindən aşkar olunub.

Aparılan araşdırmalardan 11 fakt üzrə toplanmış materiallar müvafiq məsuliyyət üçün aidiyyatı üzrə məhkəməyə göndərilib, 8 fakt üzrə isə icraat gedir.

Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu cür malların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı gömrük orqanları tərəfindən qətiyyətlə alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti