...

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2014 16:55 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.
Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və ali məktəbin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov bildirmişdir ki, bir neçə gündən sonra Azərbaycan xalqının başına gətirilmiş "Qanlı Yanvar" faciəsinin 24-cü ildönümüdür. O, qeyd etmişdir ki, "Qanlı tarix" illər, əsrlər ötsə də, insanlarımızın xatirələrində hər zaman yaşayacaq. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. Lakin Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq qeyd etməməlidir. 20 Yanvar gecəsi baş verən faciə, eyni zamanda, millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. 1990-cı ilin Yanvar ayının "Qanlı Şənbə" axşamı illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni bizim bu günümüz üçün öz canlarını fəda etdilər. Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır, çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

E.Qasımov bildirmişdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilmiş, Azərbaycanın ləyaqətli övladları faciəni törədənləri hər zaman lənətləmiş, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan işlər aparmışdırlar. O, qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. H.Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsini həyata keçirmişdir.

E.Qasımov çıxışını Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin "Biz vətənin azadlığı və mütəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır" sözləri ilə yekunlaşdırmışdır.

Tədbirdə çıxış edən Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirmişdir ki, 24 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların altına atılmışdı. O vurğulamışdır ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

O, qeyd etmişdir ki, həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdir. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dövlət və hökumət nümayəndələri var gücləri ilə çalışırlar ki, Azərbaycan xalqının başına gətirilmiş bütün müsibətlər və faciələr dünya dövlətləri tərəfindən tanınsın və bu hadisələrə hüquqi qiymət verilsin. Biz hamımız əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmalıyıq.

Tədbirdə 20 Yanvar faciəsi zamanı lentə alınmış görüntülərdən ibarət film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti