...

Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2014 13:36 (UTC +04:00)
Kiyev şəhərində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə UAGB-nin Gənclər Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Kiyev şəhərində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə UAGB-nin Gənclər Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

UAGB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukraynanın bir sıra gənclər təşkilatları rəhbərlərinin, diplomatların və diaspor fəallarının qatıldığı tədbirdə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli ömür yolu böyüməkdə olan gənc nəslə örnək göstərilib.

Anım mərasiminə qatılanlar ilk öncə Azərbaycan Televiziyasının hazırladığı "Qanlı Yanvar" sənədli filminə baxmaqla 24 il bundan öncə totalitar Sovet hakimiyyətinin Bakıda və Azərbaycanın bir sıra şəhərlərində həyata keçirdiyi amansız qətliamlarla tanış olublar.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, 24 il bundan öncə müasir silahlarla silahlanmış Sovet ordusunun Bakı və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlərdən danışıb. Sinələrini dövlət müstəqilliyimizə tuşlanmış gülləyə sipər edərək şəhid olanların dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıb.

20 yanvar tarixini müstəqil Azərbaycan dövlətinin qəhrəmanlıq salnaməsi adlandıran Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmış oğul və qızlarımızın şərəfli ömür yolunun gələcək nəsillərə örnək olduğunu vurğulayıb.

Mərasimdə professor Rafiq Əliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, ARDNŞ-nin Ukrayna nümayəndəliyinin direktor müavini Həzi Aslanov, ASAİF-in həmtəsisçisi Rüfət Əzizov, "İşıq" İctimai Birliyinin sədri Əbülfəz Qasımov, "Akkord" şirkətlər qrupunun Ukraynadakı nümayəndəsi Sahib Məmmədov, Ümumukrayna Tələbə Birliynin sədri Dmitri Bulaev, UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva və digərləri çıxış edərək Qanlı Yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq, başda Mixail Qorbaçov olmaqla ozamankı Sovet rəhbərliyi haqqında heç bir ölçü götürülməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Mərasimdə Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 Yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti