Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İ.İsabalayeva/
Fevralın 17-də Təhsil Nazirliyinin "Müasir Azərbaycan peşəkarları" layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində bərbər ixtisası üzrə tədris qrupunda təhsil alan şagirdlərin istehsalat təlimindən ixtisas sınaq işlərinin nümayişi təşkil edilib.
Trend nazirliyin saytina istinadən bildirir ki, tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər. Bu prosesdən sonra təhsilalanlar 4 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Cari ilin iyununda dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər vahid formalı dövlət sənədi - diplom ala biləcəklər.
Qeyd edək ki, bərbər ixtisası üzrə kadr hazırlığı 18 nömrəli Bakı Peşə Liseyi ilə "Eldar-studio" şirkəti arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Təhsilalanlar ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər.