Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Şəhid Milli Qəhrəman Albert Aqarunov ölümündən 22 il sonra "Vətən övladı" ordeni ilə təltif edilib.
Trend xəbər verir ki, "Dədə Qorqud" Milli Fondu, Azərbaycan Respublikası Veteranlar Şurası, Ağsaqqallar Şurası və "Azərbaycan dünyası" beynəxlalq jurnalının qərarı ilə Şuşada qəhrəmancasına döyüşərək şəhid olmuş tankçı, Azərbaycanın Milli Qəhrəmanı A.Aqarunov göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən övladı" ordeni ilə təltif edilib.
Mükafat "Dədə Qorqud" Milli Fondunun prezidenti Eldar İsmayılov tərəfindən Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü münasibətilə bu gün Bakıda Muğam Mərkəzində keçirilən anım tədbirində Milli Qəhraman A.Aqarunovun İsraildə yaşayan qardaşı Rantik Aqarunova təqdim olunub.
Milli Qəhrəmanın qardaşı göstərilən bu diqqət və qayğıya görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov isə qeyd edib ki, bu, bir daha sübut edir ki, Azərbaycan tolerant ölkədir və burada millətindən və dinindən asılı olmayaraq hamıya layiq olduğu qiymət verilir.
Qeyd edək ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin 8-ci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən A.Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı A.Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adlandırılıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.