Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/
Ölkə Prezidentinin sərəncamına əsasən Azərbaycanda aparılan icbari dispanserizasiya zamanı 488 min 344 nəfərdə xəstəlik aşkar edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, ümumilikdə ölkədə 5 milyon 240 min 500 nəfər dispanserizasiyadan keçib. Bu, 18 yaşdan yuxarı əhalinin 75,6 faizini təşkil edib.
Respublika üzrə xəstəlik aşkarlanmış 488 min 344 nəfərin 228 min 165 nəfərində ilkin aşkar edilən xəstəliklər olub.
Aşkar edilmiş xəstəliklərin siyahısında birinci yerdə tənəffüs sistemi, ikinci yerdə qan dövranı sistemi, ücüncü yerdə həzm sistemi xəstəlikləri, dördüncü yerdə travmalardır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə bütün vətəndaşların ödənişsiz tibbi müayinəsi aparılıb. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak ediblər.