...

Təhsil Nazirliyinin nəzdindəki liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Avqust 2014 10:56 (UTC +04:00)
Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Təhsil Nazirliyinin nəzdindəki liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nazirlikdən Trend-ə bildiriblər ki, iki mərhələli imtahanların birinci mərhələsində namizədlərin məntiqi düşüncə qabiliyyətini və intellektual potensialını müəyyən etmək üçün test imtahanı təşkil olunub.

İkinci mərhələdə isə liseylərin profilinə uyğun olaraq, VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan veriblər.

Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib. Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul olunub.

Qeyd edək ki, bu liseylərdə təhsil alanlar üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılacaq. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcək. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti