...

Azərbaycanda "Eko Rəsm Gündəliyi 2014" beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verildi (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2014 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi 2014" ("Eco Picture Diary 2014") beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib. Trend-in məlumatına görə, sentyabrın 10-da Bakıda Heydər Əliyev Mərkəzində müsabiqənin elan olunması ilə bağlı tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, Təhsil Nazirliyinin və "Panasonic Marketing MDB"-nin (PMCIS) nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən söz açıblar.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq olunmuş Heydər Əliyev Mərkəzinin əsasnaməsinə əsasən, mərkəz ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, geniş tədqiqi, qorunub saxlanması və hərtərəfli inkişaf etdirilməsi ilə yanaşı, həm də elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ekologiya və s. sahələrə dəstək verilməsi, bu sahələrin Azərbaycanın gələcəyinə yönəlmiş layihələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Qeyd edilib ki, bu gün təqdim olunan layihə ekologiya və təhsil sahələrinə aid gələcəyə yönəlmiş layihədir.

Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan keçən ildən YUNESKO-nun himayəsi altında və dünyanın 50-yə yaxın ölkəsinin iştirakı ilə reallaşan böyük beynəlxalq layihəyə qoşulub. Layihə gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, təbiətə, flora və faunaya qayğının aşılanması, ətraf mühit və insan sağlamlığının qorunması, aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

Bu səpkidə ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərinin, səylərinin əvəzolunmaz olduğu qeyd edilib. Çünki davamlı inkişafın sütunları olan elm, təhsil, cəmiyyət və mədəniyyətimizin inkişafında onun rəhbərliyi altında Heydər Əliyev Fondunun gördüyü işlər çərçivəsində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr icra olunur. Ekologiya da bu sütunlardan biridir.

Tədbirdə çıxış edən İDEA İctimai Birliyinin icraçı direktoru Yusif Məmmədəliyev bildirib ki, "Eko Rəsm Gündəliyi" 2008-ci ildən bu günə kimi 51 ölkənin iştirak etdiyi qlobal beynəlxalq müsabiqədir. Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Ölkənin bu beynəlxalq müsabiqəyə qoşulması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA təşkilatının təsisçisi Leyla Əliyevaya məxsusdur.

Y.Məmmədəliyev deyib ki, bu təşəbbüsü İDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də "Panasonic Marketing MDB" (PMCIS) şirkətlər qrupu dəstəkləyir.

İcraçı direktor bildirib ki, layihənin başlıca vəzifəsi Azərbaycan cəmiyyətinin, ölkələrin və dünyanın davamlı inkişafını təmin etməkdir: "Layihənin ötən il keçirilən birinci mərhələsindən sonra biz çoxlu sayda məktəblinin ekoloji problemlər barədə məlumatlandığını gördük. Milli müsabiqənin keçirilməsi təkcə ekologiyanın müdafiəsinə töhfə vermir, həm də yeni istedadları tapmağa kömək edir".

Y.Məmmədəliyev layihə haqqında ətraflı danışıb, Təhsil və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, eləcə də "Panasonic" şirkətinə təşəkkürünü bildirib.

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev tədbirdə bildirib ki, son illər ərzində nazirlik və İDEA bir sıra birgə layihələr həyata keçiriblər və "Eko Rəsm Gündəliyi 2014" layihəsi onlardan biridir.

Onun sözlərinə görə, bu gün cəmiyyət qarşısında ekoloji problemlər durur və bu problemlərin həlli yalnız ümumi səylərlə mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən "Eko Rəsm Gündəliyi" beynəlxalq müsabiqəsinə qoşulub. Azərbaycanlı məktəblilər Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Panasonic Marketing MDB"-nin (PMCIS) və YUNESKO-nun dəstəyi ilə bu yarışmada iştirak edirlər.

Layihənin əsas məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, təbiətin və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılması, uşaqların ekoloji problemlərin həllinə yönəlik fəaliyyətə cəlb olunmasıdır.

Müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. 5000 ədəd xüsusi "Eko Gündəlik" sentyabrın 15-16-da müəllimlər tərəfindən şagirdlərə paylanılacaq. Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdləri iştirak edə bilərlər. İştirakçılar 3 günə bölünmüş "Eko Gündəlik"də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməlidirlər. "Eko Gündəlik"lər sentyabrın 25-dək təhvil verilməlidir.

Layihə haqqında ətraflı məlumat İDEA İctimai Birliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqə ilə bağlı suallarla iş günləri saat 09:30-dan 18:30-a qədər (012) 497-63-16 telefona müraciət etmək olar.

Təqdim edilən "Eko Gündəlik"ləri İDEA, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, "Panasonic Marketinq MDB", KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Final mərhələsinə vəsiqə qazanan 20 (hər yaş qrupu üzrə 10) iştirakçı mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun "Eko Gündəliy"i layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından ən yaxşı "Eko Gündəlik"lər seçiləcək.

Xatırladaq ki, ötən il yarışmanın milli mərhələsində 3032 məktəbli iştirak etmişdi. Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilmişdi.

Beynəlxalq "Eko Rəsm Gündəliyi" müsabiqəsi 6 ildir keçirilir və artıq 50-dən çox ölkəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti