...

Bakıda "Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Cəmiyyət Materials 11 Sentyabr 2014 13:16 (UTC +04:00)
Bu gün Bakıda “Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda "Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda "Dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin artırılması" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Trend xəbər verir ki, 24 ölkəni təmsil edən 80-dən çox nümayəndənin iştirak etdiyi konfrans dövlət qulluğunda islahatlar sahəsində təcrübənin bölüşdürülməsi və qarşılıqlı olaraq digər ölkələrin dövlət qulluğu sistemlərinin öyrənilməsi, dövlət qulluqçularının potensialının artırılması yolu ilə dövlət qulluğunda səmərəliliyin inkişafına nail olmağın yolları, inzibati idarəçilikdə dövlət qulluqçularının peşəkar inkişafı sahəsində nailiyyətlər və çətinliklər barədə fikir mübadiləsi aparmaq və təcrübəni bölüşmək məqsədilə keçirilir.

Konfransda təlim strategiyasının və siyasətinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də xüsusi diqqət yetiriləcək.

Konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanın son dövrlərdə əldə etdiyi nailiyyətlər, iqtisadi siyasi, ticari və digər sahələrdə qazandığı uğurlar barədə danışıb.

B.Xəlilov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu deyib və qeyd edib ki, Azərbaycan dünyəvi demokratik dövlətdir.

Ötən illər ərzində dövlət qulluqçularının potensialının artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirən Komissiyanın sədri dövlət qulluğuna inamın artırılmasının qarşıya yeni çağırışlar qoyduğunu vurğulayıb.

DQKM sədri Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının yüksək səviyyədə davam etdiyini bildirib.

Avropa İttifaqının Azxərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard hər bir cəmiyyətdə dövlət qulluğunun əlaqələndirmənin qurulması istiqamətində önəmindən bəhs edib: "Daha geniş əlaqələndirmənin yaradılması üçün müəyyən danışıqlar aparılmalıdır. Bu sahədə Aİ ilə Azərbaycan arasında sazişlər imzalanacaq. Bu addımlar Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. BMT İP bu layihənin həyata keçirilməsində tərəfdaşlarımız seçilib".

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev də bu cür tədbirlərin dövlət qulluğu sahəsində yeni çağırışların müəyyən edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Aİ ilə Azərbaycan arasında əlaqələrin geniş inkişaf etdiyini bildirən S.Babayev bu istiqamətdə geniş hüquqi bazanın mövcud olduğunu deyib: "Azərbaycan Aİ-nin yardım proqramlarında iştirak edir. 34 layihə üzərində iş aparılır".

Tədbir panel sessiyalarla davam edib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) birgə təşkilatçılığı ilə keçirilən üçüncü beynəlxalq tədbirdir. Konfrans Avropa İttifaqı Şərq Tərəfdaşlığının Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının "İnstitusional İslahat Planı 3" çərçivəsində DQMK və GİZ tərəfindən həyata keçirilən "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layihəsi əsasında keçirilir. Layihə Avropa İttifaqı və Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən birgə maliyyələşdirilir. Konfrans sentyabrın 12-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti