...

Azərbaycanda təhlükəli tendensiya: təkrar qeysəriyyə əməliyyatı olunan qadınların sayı artır

Cəmiyyət Materials 21 Noyabr 2014 14:21
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayının artması təhlükəli tendesiyadan xəbər verir.
Azərbaycanda təhlükəli tendensiya: təkrar qeysəriyyə əməliyyatı olunan qadınların sayı artır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Son illərdə Azərbaycanda cərrahi yolla doğuşların tezliyinin artması uşaqlığında çapıq olan qadınların sayının artmasına və nəticə etibarilə təkrar qeysəriyyə kəsiyi əməliyyatlarının artmasına gətirir". Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərinin icraçısı, həkim-ginekoloq Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, müasir dövrdə bütün ölkələrdə qeysəriyyə əməliyyatlarının tezliyinin artması müşahidə edilir. Müxtəlif ölkələrdə bu, doğuşların 5-50%-ni təşkil edir. Azərbaycanda 2012-ci ilə qədər ölkədə qeysəriyyə kəsiyi əməliyyatlarının sayı nəzərəçarpan dərəcədə artıb. Belə ki, 2006-cı ildə ancaq dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşların sayı ümumi doğuşların 7,45%-ni, 2007-ci ildə - 8,91%-ni, 2008-ci ildə 11,29%-ni, 2009-cu ildə 13,23%-ni, 2010-cu ildə 15,59%-ni, 2011-ci ildə 17,76%-ni təşkil edib.

2012-ci ildə respublikada (2012-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsi dövlət tibb müəssiələri ilə yanaşı, özəl və idarə tabeli tibb müəssisələrinin göstəricilərini də bu statitiskaya əlavə edib) baş verən doğuşların 20,48%-ni, 2013-cü ildə isə 19,74%-ni qeysəriyyə kəsiyi əməliyyatları ilə nəticələnən doğuşlar təşkil edib: "Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayının artması təhlükəli tendesiyadan xəbər verir. Bu gün maarifləndirmə işinin zəif olması ilə əlaqədar gənc anaların əksəriyyəti qeysəriyyə əməliyyatı ilə doğuşun qadın orqanizminə zərərindən xəbərsizdir. Narkozla keçirilən hər bir cərrahi əməliyyat riskdir. Digər tərəfdən, bu, təkrar doğuşlarda onlar üçün böyük problem yaradır. Çünki təkrar doğuşlar da qeysəriyyə əməliyyatı ilə keçirilməlidir.

Digər tərəfdən, qeysəriyyə əməliyyatı normal doğuşdan xeyli baha başa gəldiyinə görə, özəl klinikalarda sui-istifadə edilərək belə əməliyyatlara üstünlük verilir".

L.Məmmədova deyib ki, Azərbaycanda özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir. Ötən il ölkə üzrə respublikada qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 19,7%-ni təşkil edib. 2013-cü ildə 146 615 doğuşun 28954-ü qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə olub. 2012-ci illə müqayisədə ötən il dövlət tibb müəssisələrində cərrahi yolla doğuşların tezliyi bir qədər azalıb.

Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı tezliyinin artması perinatal itkilərin azalmasına gətirir. Lakin qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi 15%-dən yüksək olduqda bu, perinatal itkilərin səviyyəsinə təsir göstərmir.

Hazırda dövlət tibb müəssisələrində qeysəriyyə əməliyyatlarının ciddi nəzarət altında olduğunu deyən L.Məmmədova bildirib ki, son illərdə bu əməliyyatların sayının artması həm subyektiv, həm də obyektiv amillərlə bağlıdır: "Təəssüf ki, əhali arasında məhz qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşların daha təhlükəsiz olması fikri formalaşıb. Digər tərəfdən, əməliyyatı icra etmək bacarığı olan mama-ginekoloqların da sayı artıb. Bəzi özəl tibb müəssisələrində cərrahi doğuşlara ciddi göstəriş olmadıqda belə hamilənin təkidi ilə əməliyyat icra olunur. Obyektiv səbəblər isə son illərdə antenatal və intranatal dövrdə qeysəriyyə kəsiyi əməliyyatına göstəriş olan vəziyyətlərin, məsələn dölün hipoksiyasının, cift gəlişlərinin və s. diaqnostikasının təkmilləşməsidir".

L.Məmmədova bildirib ki, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklərin sayının artması da cərrahi doğuşların tezliyinə təsir göstərir. Qeysəriyyə əməliyyatına göstərişlərin strukturunda ekstragenital xəstəliklərin də faizi yüksəkdir.

Onun sözlərinə görə, bu gün Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi doğuşayardım müəssisəsinin səviyyəsindən asılı olaraq fərqlənir. Belə ki, I səviyyəli doğuşayardım müəssisələrində əməliyyatların tezliyi aşağıdır, Perinatal Mərkəzlərdə və III səviyyəli doğuşayardım müəssisələrində isə yüksəkdir: "Səhiyyə nazirinin 24 saylı əmrinə əsasən, respublikanın bütün doğuşayardım müəssisələri 3 səviyyəyə ayrılıb və hər bir səviyyə üçün onların qəbul etməli olduğu pasiyent qrupları göstərilib. Ona görə də I səviyyəli doğuşayardım müəssisəsində əsasən fizioloji hamiləliyi olan qadınlar qəbul olunduğundan, onların arasında cərrahi doğuşların tezliyi aşağıdır. III səviyyəli doğuşayardım müəssisələri isə əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulduğundan cərrahi doğuşların tezliyi də yüksəkdir".

Qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün tələb olunan tibbi göstərişlərə gəldikdə, institut nümayəndəsi bildirib ki, Səhiyyə Nazirliyi kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə təsdiq olunmuş "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol"a əsasən, qeysəriyyə əməliyyatına göstərişlər 5 qrupa bölünüb. I qrupa anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması halları aiddir. Bu göstərişlərlə də əməliyyatlar adətən doğuşların 44,2%-ni təşkil edir. İkinci qrupa doğuşa mane olan səbəblərin olması (14,9%) aiddir. Üçüncü qrupa dölün çanaq gəlişi (11,6%), dördüncü qrupa dölün distressi (18,2%), beşinci qrupa digər səbəblər, məsələn cift pozuntuları, çoxdöllü hamiləliklər, dölün xəstəlikləri, İİV infeksiyası, anamnezində uzun müddətli sonsuzluq olan, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklər aiddir. Qeysəriyyə kəsiyi əməliyyatına göstəriş doğum tarixçəsində qeyd olunmalı və göstərişi təsdiq edən sənəd mütləq doğum tarixçəsinə əlavə olunmalıdır.

L.Məmmədova əlavə edib ki, tibbi göstəriş olmadan cərrahi əməliyyatın aparılması sübut olunarsa, əməliyyatı icra edən həkim və tibb müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də cərrahi əməliyyata göstəriş olduqda hamiləyə bu barədə məlumat verilir. Doğum tarixçəsində mütləq cərrahi əməliyyata göstəriş və tibbi göstərişi təsdiq edən sənədlər qeyd olunmalıdır: "Məsələn, əgər hamilənin görmə qabiliyyətinin pozğunluğu əməliyyata göstərişdirsə, oftalmoloqun yazılı rəyi təqdim olunmalıdır. Əgər dölün hipoksiyası əməliyyata göstərişdirsə, dölün kritik vəziyyətini təsdiq edən müayinələrin nəticələri doğum tarixçəsində qeyd edilməlidir. Doğum tarixçələrini təhlil etməklə, əməliyyatın aparılmasına göstəriş olub-olmamasını müəyyən etmək mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti