Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Məktəb direktorları tədrislə yanaşı, şagirdlərin tərbiyəsinə də diqqət yetirməlidirlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov bu gün "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, çox vaxt məktəb direktorları yalnız tədrisə diqqət yetirirlər. Ancaq tərbiyə məsələsinə diqqət etmirlər: "Biz onlardan məktəbdə zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda, zərərli vərdişlərə meyilli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmirlər. Halbuki məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidirlər. Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda, sağlamlığı zəif olan uşaqlara diqqət yetirilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur".
Nazir müavini əlavə edib ki, uşaqlar təhsildə formalaşır, günlərinin çox hissəsini təhsil müəssisələrində keçirirlər. Buna görə də onların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır.