...

"İrəli" İB-nin yeni korporativ üslubu təqdim edilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2014 12:56 (UTC +04:00)
Bu gün Beynəlxalq Muğam Mərkəzində Mirhəsən Seyidovun "İrəli" İctimai Birliyinə sədrlik etməyə başladığı gündən bəri təşkilatın fəaliyyətinin 6 aylıq hesabatı və yeni korporativ üslubunun təqdimat mərasimi keçirilib.
"İrəli" İB-nin yeni korporativ üslubu təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mirhəsən Seyidovun "İrəli" İctimai Birliyinə sədrlik etməyə başladığı gündən bəri təşkilatın fəaliyyətinin 6 aylıq hesabatı və yeni korporativ üslubunun təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə millət vəkilləri, Prezident Administrasiyasının nümayəndələri, hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının üzvləri və gənclər təşkilatlarının fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən "İrəli" İB-nin sədri Mirhəsən Seyidov bildirib ki, təşkilat hər zaman gedən proseslərdə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətini dəstəkləyir: "Bildiyiniz kimi, bu gün Prezident İlham Əliyevin ad günüdür. "İrəli" İctimai Birliyi də 6 il öncə cənab Prezidentin doğum günündə təsis edilib".

O, qeyd edib ki, təşkilatın prioritetlərində bir neçə əsas istiqamət nəzərdə tutulub. Bunlar birbaşa gənclərin qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclər tərəfindən Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, region gənclərinin fəallığının təmin edilməsi, Azərbaycanın dövlət gənclər siyasətinin həyata keçirilməsinə töhfə verilməsidir.

M.Seyidov təşkilatın son 6 ayda həyata keçirilən və nəzərdə tutulan layihələri barədə də məlumat verib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu təşkilat cəmi 6 il ərzində gənclər arasında brend təşkilata çevrilə bilib: "Təşkilatın ideya mənbəyi, kreativ yanaşması var və gənclər bu təşkilata üzv olmaqda davam edirlər".

Prezident Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev isə bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti artıq elə mərhələdədir ki, o təkcə dövlət qurumları tərəfindən yox, gənclər təşkilatları tərəfindən də layiqincə yerinə yetirilir: "Bu gün ölkədə 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. "İrəli" bu təşkilatlar içində özünəməxsus yer tutur. Təşkilatın cəmiyyətdə kifayət qədər nüfuzu var. Gənclər təşkilatının həyata keçirdiyi bütün layihələrə böyük maraq göstərirlər".

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra gənclər siyasətinə xüsusi diqqət yetirilib. O, "İrəli"nin bütün üzvlərinə, eləcə də Azərbaycanın bütün gənclərinə İlham Əliyev qədər vətənpərvər olmağı tövsiyə edib.

Tədbirdə təşkilatın yeni loqosunun və saytının təqdimatı olub.

Qeyd edək ki, "İrəli" İB təşkilat kimi 2008-ci il dekabrın 24-də təsis edilsə, Ümumrespublika Gənclər Hərəkatı kimi daha öncə, 2005-ci ildə yaranıb. Təşkilatın əsas məqsədi gənclərin maraqları çərçivəsində olan bütün sahələrdə fəaliyyət göstərmək və həmin gənclərin fərdi inkişaflarına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir. Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil edən "İrəli" ölkə daxilində də müxtəlif layihələr reallaşdırmaqla dövlət, özəl, biznes və media qurumları ilə yaxından əməkdaşlıq edir.

"İrəli" İB Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezidnt İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti