...

Azərbaycan Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2015 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

ARDDA-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov tədbiri giriş nitqi ilə açdıqdan sonra Vətən uğrunda qəhrəmanlıqla şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Q. Qurbanov bildirib ki, 20-ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 25 il keçir. Müdhiş 20 yanvar günü Azərbaycanın çağdaş tarixində müstəqillik yolunda cəsarətli, ən dəyərli səhifələrdən biri sayılır. Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda qətiyyətlə ayağa qalxmış əliyalın xalqımız təpədən-dırnağa qədər silahlanmış imperiya qoşunlarının qarşısında əyilmədi, sınmadı. Mərd və igid insanlarımız əsarətdən və zülmdən ölümü üstün tutmaqla, şərəfli şəhidlik zirvəsinə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar. Beləliklə, Bakıya qoşunların qanunsuz yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Xalqımız həmin gün üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini verməyi, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.

Administrasiyanın rəisi qeyd edib ki, o ağır günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə lənətləmişdir.

Ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1993-cü ildə 20 yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılmış, bu qanlı faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir. Q.Qurbanov ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən də ətraflı bəhs etmişdir. Administrasiya rəhbəri vurğulamışdır ki, Azərbaycan bu gün bölgənin ən qüdrətli, nüfuzlu dövlətinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək gücünə malikdir.

Anım mərasimində Administrasiyanın rəis müavini Ehtram Rəhimov, Dəniz Üzgüçülüyü Təhlükəsizliyi Mərkəzinin hüquqşünası Nigar Abdullayeva, Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun baş məsləhətçisi Ramil Qasımov, Gəmi heyəti şöbəsinin böyük məsləhətçisi Sahib Məmmədov, Gəmi heyəti şöbəsinin məsləhətçisi Rəşad Kərimov, Nəqliyyat və Texniki Təminat idarəsinin mütəxəssisi Sadiq Ağayev və digərləri Mixail Qorbaçov başda olmaqla o vaxtkı imperiya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri, Ə.Vəzirov başda olmaqla həmin dövrdəki respublikanın səriştəsiz rəhbərlərini lənətləyiblər. Bildirilib ki, 20 yanvar hadisəsi Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifələrindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti