...

Aktauda 20 Yanvar şəhidləri anılıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2015 11:13 (UTC +04:00)
Tədbir zamanı “Qanlı yanvar” adlı kitab və digər çap məhsullarının sərgisi keçirilib.
Aktauda 20 Yanvar şəhidləri anılıb (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu Aktau şəhərində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" Milli-Mədəni Cəmiyyəti ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yerli hökümət qurumları, Aktau şəhərində yerləşən diplomatik missiyaların nümayəndələri, ali və orta təhsil müəssisələrinin üzvləri, Aktau şəhərində yaşayan həmyerlilərimiz, habelə KİV nümayəndələrinin iştırakı ilə anım mərasimi keçirib.

Baş konsulluqdan Trend-ə daxil olan məlumata görə, tədbirdən öncə 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi təşkil olunub, faciə ilə bağlı rus, ingilis və Azərbaycan dillərində müxtəlif dövrlərdə nəşr olunmuş kitab və jurnallar nümayiş olunub.

Tədbir zamanı çıxış edən baş konsul Rəşad Məmmədov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 19-20 yanvarında baş verən hadisələr barədə iştirakçılara ətraflı məlumat verib. Baş konsul ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsinin ölkəmizdə misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd edərək, həmin gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıb.

Daha sonra Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Cəmiyyətinin sədri Vaqif Nəbiyev 20 Yanvar faciəsi ilə bağlı çıxış edib, uzun illər vilayətdə yaşayan həmyerlimiz şair Rövşən Həsənli faciəilə bağlı şeirlər oxuyub. Tədbir zamanı "Qanlı yanvar" adlı kitab və digər çap məhsullarının sərgisi keçirilib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş "CBC" telekanalı tərəfindən 2014-ci ildə çəkilmiş, rus dilində olan "Дело №2" adlı sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti