...

Fransalı hüquqşünas Azərbaycanda təcrübə keçib

Cəmiyyət Materials 18 Fevral 2015 20:21 (UTC +04:00)
A.Ledanua Ədliyyə Nazirliyində və Ədliyyə Akademiyasında olaraq ölkəmizin ədliyyə sistemi, aparılan islahatlar barədə ətraflı məlumatlandırılıb, həmçinin o, nazirliyin strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub.
Fransalı hüquqşünas Azərbaycanda təcrübə keçib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə böyük önəm verilərək 2013-cü ildə Ədliyyə Akademiyası ilə Avropada böyük nüfuza malik Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi arasında 'məkdaşlıq haqqında protokol imzalanıb. Həmin sənədin implementasiyası çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilərək hakim və hakimliyə namizədlərin təcrübə mübadiləsi, tədris səfərləri və kurslar təşkil olunur, o cümlədən ötən ilin əvvəlində Məktəbin stajoru, hakimliyə namizəd ölkəmizdə təcrübə keçib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirərək, əldə olunmuş nailiyyətlərdən və müsbət təcrübədən bəhrələnməklə tədris prosesini daha da zənginləşdirib. Məktəbin 2015-ci ildə hakimliyə namizədlərin Avropa İttifaqından kənar stajkeçməsi üçün məhdud sayda ölkələr arasında seçim edərkən ölkəmizin uğurları nəzərə alınaraq, Məktəbin daha bir stajoru, hakimliyə namizəd xanım Alis Ledanua Azərbaycanda üç həftəlik təcrübə proqramında iştirak edib.

Proqram çərçivəsində A.Ledanua Ədliyyə Nazirliyində və Ədliyyə Akademiyasında olaraq ölkəmizin ədliyyə sistemi, aparılan islahatlar barədə ətraflı məlumatlandırılıb, həmçinin o, nazirliyin strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub.

Bununla yanaşı, fransalı hakimliyə namizəd Məhkəmə-Hüquq Şurasının, Konstitusiya və Ali məhkəmələrin, apellyasiya və birinci instansiya məhkəmələrinin, vəkillik xidmətinin, Baş Prokurorluğun və Korrupsiyaya qarşı mübarizə baş idarəsinin işi ilə tanış olaraq həmin qurumlarda təcrübə keçib. O, həmçinin respublikamızda məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlarla tanış olmaq məqsədilə ən son İKT-lərlə təchiz olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinə və müasir tipli Bakı İstintaq təcridxanasına baş çəkərək insan hüquqlarının etibarlı təminatı baxımından yaradılmış yüksək şəraitdən məmnunluğunu ifadə edib. Eyni zamanda, Azərbaycan brendi olan və ədliyyə qurumlarının da müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzində olub, mütərəqqi fəaliyyəti ilə tanış olaraq yüksək qiymətləndirib.

Səfər zamanı Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən qəbul olunan fransalı qonaq Azərbaycana səfərinin və burada təcrübə proqramının yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, məhkəmə, ədliyyə və digər qurumlarda aparılan islahatların və əldə edilmiş nailiyyətlərin şahidi olduğunu, bu sahədə işin səmərəli təşkilini, xüsusilə qurumların vətəndaş məmnunluğuna yönələn fəaliyyətini vurğulayıb.

Fransalı hakimliyə namizəd səfər çərçivəsində, həmçinin paytaxtımızın mədəni və tarixi abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi, Tarix və Xalça muzeyləri ilə tanışlıqdan heyran qalaraq ölkəmizin müasir inkişafını, zəngin mədəni və tarixi irsinin qorunub saxlanıldığını təqdir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti