...

Mübariz Qurbanlı: Azərbaycanda dini radikalizmin və ekstremizmin qarşısını almaq üçün strateji tədbirlər görülür

Cəmiyyət Materials 19 Fevral 2015 17:16 (UTC +04:00)
Azərbaycanda hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görülməsi, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlər həyata keçirilir.
Mübariz Qurbanlı: Azərbaycanda dini radikalizmin və ekstremizmin qarşısını almaq üçün strateji tədbirlər görülür

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görülməsi, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlər həyata keçirilir.

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və DQİDK-nın birgə təşkilatçılığı ilə "Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi"ndə keçirilən "Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik" adlı açıq mühazirədə deyib.

Ölkəmizdə dövlət-din münasibətlərindən danışan Komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdış sürətlənib.

M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

O, diqqətə çatdırıb ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub: "Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Azərbaycan iqtisadi inkişafı ilə yanaşı, dünyada həm də tolerantlıq modeli ilə tanınan bir ölkədir. Bununla yanaşı, hələ də bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar bəzən gənclər arasında çaşqınlığın yaranmasına gətirib çıxarır".

Komitə sədrinin fikrincə, cəmiyyətdə qanunlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də mühüm rol oynayır və bu dəyərlərin qorunmasında gənclərin rolu olduqca önəmlidir.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov isə tədbirin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını deyib.

Rektor milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.

Sonda müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti