Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Ümumdünya Meteorologiya Təşkilatı Umayra Tağıyevanın adını bir çox sahələrdə birinci olmaq üçün bütün maneələri dəf edən nümunəvi elmi əməkdaşlardan ibarət qabaqcıl qadınlar siyahısına daxil edib (https://www.wmo.int/gender/content/women-weather-water-and-climate).
Trend-in xəbərinə görə, təşkilatın yaydığı məlumatda deyilir: "Beynəlxalq səviyyədə qadınların texnologiyalar, informasiya, elm, təhsil və texniki hazırlığa çıxışını təmin etmək və qadınların elm və texnologiyada mövqeyini gücləndirmək istəyi var. Qadınların elmi-texniki təhsilə bərabər çıxışı təmin edilməlidir. Qadınların elmi işçilər kimi rolunun artırılması ilə onların bu sahədə aktivliyi artıb".
Ümumdünya Meteorologiya Təşkilatı göstərir ki, qadınlar elmdə uğur qazana bilərlər. Belə ki, təşkilat elm sahəsində 10 ən tanınmış qadını müəyyənləşdirib ki, onların arasında Azərbaycandan U.Tağıyevanın da adı var. Siyahıya düşmüş digər qadınlar aşağıdakılardır: Felerika Rossi (İtaliya), Andre Seleste Sado (Argentina), Barbara Tapia (Çili), Vida Audimente (Litva), Qloriya Seballos (Dominikan Respublikası), Laura Furcione (ABŞ), Aqness Kiase (Tanzaniya), Nadiya Pinardi (İtaliya), Korneli Radiks (Macarıstan).
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru U.Tağıyeva hazırda Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyət göstərir. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Xatırladaq ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib.