Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan vətəndaşları Novruz bayramı günlərində əsasən regionlarda - Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və ətraf rayonlarında, eləcə də cənub zonasında istirahət etməyə daha çox üstünlük verirlər. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məlumat verib.
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən yerli turizm şirkətləri Novruz bayramı ilə əlaqədar regionlara xüsusi turlar hazırlayıblar. Nazirlik rəsmisinin sözlərinə görə, turistlərə 2-3 günlük turlar da təklif edilir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, dünya bazarında, xüsusilə Avropada baş verən iqtisadi böhranla əlaqədar Azərbaycanda daxili turizmin ümumi çəkisi bir qədər artıb və insanlar Azərbaycanın turizm məkanlarına getməyə daha çox üstünlük verməyə başlayıblar: "Artıq bu dəyişiklik turizm şirkətlərinin fəaliyyətində də hiss olunur. Avropadakı müəyyən iqtisadi durumla əlaqədar turizm paketlərinin də qiymətlərin artımına səbəb olub. Bütün bu səbəblər Azərbaycandan Avropaya getmək istəyənlərin sayını azaldıb. Əvəzində isə regionlarda dincəlmək istəyənlərin sayı artıb. Məsələn, artıq Qəbələdəki hotellərdə bayram günləri üçün yerlərin hamısı bronlaşdırılıb".