...

Suriyada döyüşən daha 6 azərbaycanlının məhkəməsi başladı

Cəmiyyət Materials 30 Mart 2015 12:09 (UTC +04:00)
Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Onlar vəkillərin verdikləri vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı aprelin 6-a təyin edilib.
Suriyada döyüşən daha 6 azərbaycanlının məhkəməsi başladı

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak edən mütəşəkkil dəstənin məhkəməsi başlayıb. Trend-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Tural Həsənovun vəkili Elmar Süleymanov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdikləri şəxslərin dəmir barmaqlıqlardan çıxarılaraq vəkillərinin yanında oturmasını, işin baxılmasına xitam verilərək, ibtidai istintaqa qaytarılmasını xahiş edib. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər kollegiyası qərarı elan edib. Onlar vəkillərin verdikləri vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı aprelin 6-a təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 23-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzi keçirilən əməliyyat tədbiri barəsində məlumat yayıb. Həmin məlumata görə, (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının vətəndaşı-Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti