Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bakıda lisey və gimnaziyaların I sinfinə elektron qeydiyyat bu gün başa çatır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 5-dən başlayaraq aparılır. Proses sentyabrın 15-dək davam edəcək.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat isə martın 15-dən etibarən həyata keçirilir. Elektron qeydiyyat bu gün saat 00:00-da başa çatacaq.
Seçim üçün müsabiqələr (imtahanlar) aprel-may aylarında həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.