...

Azərbaycan Avropa və Afrikanın populyar kurortlarını əvəz edəcəkmi?

Cəmiyyət Materials 14 İyul 2015 23:00 (UTC +04:00)
Hazırda Avropadakı yeni iqtisadi böhran avropalı turistləri yeni istiqamətlər və marşrutlar tapmağa məcbur edir və bundan ilk növbədə Azərbaycan qazana bilər.
Azərbaycan Avropa və Afrikanın populyar kurortlarını əvəz edəcəkmi?

Maksim Tsurkov - Trend:

Hazırda Avropadakı yeni iqtisadi böhran avropalı turistləri yeni istiqamətlər və marşrutlar tapmağa məcbur edir və bundan ilk növbədə Azərbaycan qazana bilər. İlk əhəmiyyətli addım artıq atılıb - Bakıda I Avropa Oyunları böyük uğurla keçdi.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi, Oyunlar ölkənin imkanlarının özünəməxsus təqdimatı idi. Və bu təqdimat böyük uğurla keçdi. Avropa Oyunlarının uğurla keçirilməsində dövlət başçısı və Oyunların Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın böyük xidmətləri oldu. Və bu gün Azərbaycanın qarşısında bu uğuru xarici turistləri cəlb etmək hesabına inkişaf etdirmək tapşırığı dayanır.

Dövlət başçısı bu istiqamətdə əsas vəzifələri qeyd edib - vizaların verilməsi prosedurunun sadələşdirilməsi, aviabiletlətin qiymətlərinin azaldılması və 2, 3 ulduzlu hotellərin tikintisi. Əgər birinci bənd xarici turistlərə hesablanıbsa, son ikisindən ölkə vətəndaşları da qazanacaqlar.

Maliyyə, eləcə də İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılmış aviabiletlərin qiymətinin tənzimlənməsi mexanizminin hazırlanması onların dəyərinə birmənalı olaraq təsir edəcək. Dövlət başçısı öz çıxışında əsas imkana da işarə etdi. Hazırda istənilən aviaşirkətin xərclərinin əhəmiyyətli hissəsi yanacağa gedir, o isə ölkədə istehsal edilir və "Azərbaycan Hava Yolları" dövlət şirkəti kimi onu aşağı qiymətə alır. Ölkənin regionlarında xeyli sayda 2 və 3 ulduzlu hotellərin tikintisi bölgələrin özünün turizm cəlbediciliyini xeyli artıracaq, rəqabət hesabına isə bütün bazarda ümumi qiymət azalmasına gətirib çıxaracaq. Turistlərin cəlb edilməsi məsələsində kadrlar böyük önəm kəsb edəcək. Lakin buna cavab tamamilə gözlənilmədən I Avropa Oyunlarında tapıldı. Əksəriyyəti ali məktəb tələbələri olan minlərlə könüllü məhz həmin Oyunlarda ciddi təcrübə qazandı və gələcəkdə Azərbaycanın turizm potensialının kadr özəyini təşkil edəcək.

Son dərəcə açıq danışsaq, xaricə turist qismində gedən ölkə vətəndaşlarının çoxu "çimərlik istirahəti"nə üstünlük verir. Ölkə daxilində müvafiq infrastruktur, servis və məqbul qiymətlər olduqda Azərbaycan Türkiyə və Misir kurortlarını asanlıqla əvəz edə bilər, üstəlik, uçuşa qənaət etməklə.

Lakin dövlət başçısının göstərdiyi məsələlərin həlli, ilk növbədə, xaricdən turistlərin cəlb edilməsinə yönəlib. Vizanın 2-3 gündə alınması imkanı, uçuş qiymətinin aşağı olması, geniş hotel seçimi, təhlükəsizlik, xeyli sayda tarixi, görməli yerlər, yay və qış istirahəti imkanları Azərbaycana vaxtilə avropalılar arasında populyar olan Şimali Afrika və Cənubi Avropa kurortlarını əvəz etməyə imkan verəcək. Belə ki, sadalanan kurortlarda təhlükəsizlik və maliyyə problemləri var. Son illər Fars körfəzinin inkişaf etmiş ölkələri, Çin və Asiyanın digər ölkələrindən olan turistlər Azərbaycana xeyli maraq göstərirlər.

Azərbaycan artıq dünyaya dəfələrlə sübut edib ki, bir neçə il irəli baxır. Neft-qaz, nəqliyyat və bir çox sahələrdəki layihələrlə də belə olub. Hazırda ölkə qarşısında neft və qazdan asılılığı tam azad etmək və qeyri-neft sektorunu inkişaf etdirmək tapşırığı dayanır. Əsas prioritetlər arasında turizm var. Bu il keçirilmiş Avropa Oyunlarından sonrakı bir neçə il ərzində Azərbaycanda xeyli sayda müxtəlif tədbir keçiriləcək və bütün bu hadisələr ölkəyə turistlərin cəlb edilməsinə kömək edəcək. Əsas bu şansı əldən verməməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti