...

Gəncə Şəhər İcra Hakimiyyətində hesabat verildi (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2015 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısında Gəncə şəhərinin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

Trend-in məlumatına görə, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 6 ayda görülən işləri təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Məruzəçi qeyd etmişdir ki, şəhər icra hakimiyyətinin fəaliyyətinin əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncənin sosial-iqtisadi inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələr, həmçinin Nazirlər Kabinetinin geniş iclasındakı nitqindən irəli gələn vəzifələr təşkil etmişdir.

Nəticədə iqtisadiyyatın bütün sahələrində müşahidə olunan dinamik inkişaf 2015-ci ilin birinci yarısında da təmin edilmişdir. Bu müddət ərzində 311,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox məhsul istehsal edilmişdir. Nəticədə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 320,2 manat, yəni keçən ilkindən 2,3 faiz çox olmuşdur. Əhalinin pul gəlirləri artdıqca, onların sosial problemləri də qismən həll edilmişdir.

Qeyd edilmişdir ki, 6 ay ərzində tikinti-quraşdırma işlərinin həcmi də artmışdır. Əvvəllər olduğu kimi, hesabat dövründə də bu işlər sürətlə davam etdirilmişdir. Gəncəçayın sağ sahilində park-bulvar kompleksinin tikintisində işlərin həcmi daha da genişləndirilmişdir. Qərb regionunda ilk dəfə olaraq sahəsi 460 kvadratmetr olan beşmərtəbəli "Mətbuat evi"nin inşası başa çatdırılaraq istiadəyə verilmişdir. Ölkə başçısının möcüzə adlandırdığı Heydər Əliyev park-kompleksində açıq havada, 7 hektar sahədə "GəncLand" istirahət və əyləncə kompleksi istifadəyə verilib. Gəncə Dövlət Filarmoniyasının inşası davam etdirilmişdir.

Turistlərin Gəncəyə cəlb edilməsi istiqamətində də işlər davam etdirilmişdir. Belə ki, öz füsunkar təbiəti ilə insanı valeh edən Hacıkənd qəsəbəsində geniş abadlıq və quruculuq işləri aparılmışdır. Qəsəbədə Nizami Gəncəvinin adını daşıyan parkın ərazisi genişləndirilmiş, 200 paqonnumetr bardür düzülmüş, 12 ədəd müasir işıq dayaqları basdırılmış, 700 kvadratmetr qazon salınmış, 100 kvadratmetr istinad divarı hörülmüşdür.

Şəhərdaxili yolların yenidən qurulması da davam etdirilmişdir. Əziz Əliyev, Keçid, Qaçaq Nəbi və digər küçələrdə 2 kilometrə yaxın asfalt örtüyü salınmışdır. Vəli Xuluflu, Abbas Səhhət küçələrindəki, həmçinin Yeni Gəncə yaşayış sahəsində hündürmərtəbəli binalarda 20-yə yaxın lift yenisi ilə əvəz edilmişdir. Nizami və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində yerləşən 2 ədəd hündürmərtəbəli yaşayış binasının fasadı kərpiclə üzlənmişdir.

Hesabat məruzəsində yaşıllaşdırma ilə əlaqədar görülən işlərə də münasibət bildirilib. Qeyd edilib ki, şəhərin müxtəlif ərazilərində 75 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları, 32 hektar sahədə çəmənlik salınmış 15 mindən çox mövsümi gül və çiçək əkilmişdir. Yaşıllıqların suvarılması üçün 9 ədəd subartezian nasosu təmir edilərək istismara verilmişdir. Nizami prospektində dahi şair Nizami Gəncəvi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bağlarda, eləcə də Yeni Gəncə yaşayış sahəsindəki Novruz meydanında təmir-bərpa işləri aparılmışdır.

Yığıncaqda əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən də danışılıb. Bildirilib ki, 6 ayda şəhər məşğulluq mərkəzinə 497 nəfər müraciət edib ki, onun da 277 nəfər daimi işlə təmin olunub.

Hesabat yığıncağında şəhərin təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən danışılıb. Əhalinin qaz, işıq və su problemlərinin həlli istiqamətində görülən işlər müzakirə edilib.

Yığıncağın sonunda cari ili ikinci yarısında görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti