...

Azərbaycanda verilişlərin sosioloqlar tərəfindən araşdırılması təklif edilir

Cəmiyyət Materials 7 Oktyabr 2015 18:19 (UTC +04:00)
Azərbaycan telekanallarında yayımlanan proqramların sosial baxımdan uyğunluğunun sosioloqlar tərəfindən təftiş edilməsi təklif edilir.
Azərbaycanda verilişlərin sosioloqlar tərəfindən araşdırılması təklif edilir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan telekanallarında yayımlanan proqramların sosial baxımdan uyğunluğunun sosioloqlar tərəfindən təftiş edilməsi təklif edilir.

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, hər bir televiziya kanalında, ən azı, Milli Televiziya və Radio Şurasında proqramların sosial baxımdan uyğunluğunu təftiş edən sosioloq ştatı açılmalıdır.

Sosioloqun sözlərinə görə, daim ailədaxili problemlərin, zorakılıq faktlarının, ailə faciələrinin müzakirə obyektinə çevrildiyi televiziya proqramları uşaq və yeniyetmələrdə həm ailə institutu, həm də mənsub olduğu cəmiyyət haqqında çox bədbin hisslərin formalaşmasına gətirib çıxarır. Belə halların olması bu fərdlərin gələcəkdə ailə qurmaqda çəkingən davranışlar nümayiş etdirməsi təhlükəsini də yaradır: "Bu bədbinlik hissi əhalinin digər yaş kateqoriyalarında da hiss olunur. Bu mənada bu proqramlar insanlarda psixoloji qayğı və qorxu hissinin yaranmasına gətirib çıxarır. İnsanlarda yaşama sevincinin tükənməsində bu hisslərin rolu böyükdür. Eyni zamanda zorakılığa söykənən davranış modellərinin mənimsənilməsində də bu tərz proqramlar mənfi rol oyanıyır. Belə ki, zorakılıq faktlarının açıqca nümayiş etdirilməsi, proqramlarda ekspert qismində dəvət olunan bəzi qonaqlar (halbuki onların bir qisminin ümumiyyətlə müzakirə olunan sahəyə aidiyyəti yoxdur) nəinki müzakirə olunan problemin həllinə kömək edir, əksinə, yeni problemlərin yaranmasına gətirib çıxarır, bir növ bu cür yanaşmanın normal olması təəssüratının yaranmasına xidmət edir".

Sosioloq hesab edir ki, əksər hallarda ekspertlərin aparıcıların söylədiklərini təsdiq etmək üçün bu cür proqramlara dəvət olunması təəssüratı yaranır, onlardan verilən çox qısa vaxt ərzində dolayı yolla aparıcının sözünü təsdiq edən fikir bildirməsi tələb olunur: "Bəzi hallarda isə bu proqramlara ümumiyyətlə mövzuya aid olmayan müğənnilər, aktyorlar dəvət olunur və onların söylədikləri əksər hallarda mövzu ilə bağlı heç bir mahiyyət kəsb etmir. Bu cür "ekspert"lərin bir qismi isə özlərini bu sahənin "mütəxəssis"i, hətta "ağsaqqal"ı, "ağbirçəy"i hesab edərək cəmiyyətə yol göstərməyə, ağıl verməyə çalışırlar. Kənardan bu insanların davranışları çox bayağı görünür və çox yanlış təəssüratın formalaşmasına səbəb olur. Sırf bu insanlarla eyni cərgədə görünməmək üçün verilişlərə dəvətləri qəbul etməyən çoxlu ziyalımız var. Nəticədə efir bu cür insanların bir növ monopoliyasına çevrilir".

Ə.Süleymanlı təklif edir ki, belə halların olmaması üçün verilişlərə dəvət olunan ekspertlərin hazırlıq səviyyəsi və mövzuya aidiyyəti ciddi şəkildə yoxlanılmalıdır. Bu, efir məkanında ciddi və savadlı insanların sayının artmasına da gətirib çıxarar. Eyni zamanda studiyaya ekspert qismində dəvət olunan qonaqlara qonorar verilməli, ən azı, onların studiyaya gəliş və gedişi kanal tərəfindən ödənilməlidir: "Misal üçün, Türkiyədə bütün televiziya kanalları ekspertlərin studiyaya gəlişləri üçün nəqliyyat təmin edir, bir çox proqramlar ekspertlərə qonorar ödəyirlər. Bu cür praktika həm keyfiyyətli ekspertlərin cəlb olunmasına, həm də efir məkanında proqramların səviyyəsinin artmasına müsbət töhfə verər. Eyni zamanda bu, verilişə dəvət olunan ekspertlərin mövzu üzrə daha yaxşı hazırlaşmasına əlavə stimul verər".

Sosioloqun fikrincə, cəmiyyətdə bu cür problemlər efirdə müzakirə olunmalı, kanallar yardım göstərmək hisslərinin çoxalmasına öz töhfəsini verməlidir. Ancaq bunun daha fərqli mexanizmləri və yolları tətbiq olunmalıdır.

Azərbaycan efir məkanında çox ciddi problemlərin olduğunu deyən Ə.Süleymanlı təklif edir ki, ictimai nəzarət mexanizmlərinin də tətbiq olunması vacibdir. Belə ki, tamaşaçılar da televiziya verilişlərinin keyfiyyətini, aparıcıların səviyyəsini, bədii dilin qaydalarına riayət olunub-olunmamasını təftiş etməlidirlər. Bu mənada MTRŞ nəzdində fəaliyyət göstərən "qaynar xətt" vasitəsilə tamaşaçılardan daxil olan şikayətlərə dərhal reaksiya verilməli, yoxlama aparılmalı və nöqsan varsa, düzəldilməlidir. MTRŞ isə "qaynar xətt" telefonlarının həmin proqramlarda elan olunması, həm verilişlərin aparıcılarının, həm də yaradıcı heyətin daha məsuliyyətli olmasını təmin edər: "Minimal dərəcədə savadı olmayan, bir çox mətləbdən bixəbər bəzi aparıcıların xalqı yönləndirməsi, xüsusi əda hissi ilə hər kəsə ağıl verməsi ikrah doğurur. Heç olmasa, bundan sonra bunun qarşısı alınmalıdır. İstənilən verilişin aparıcısı hiss etməlidir ki, onu həm ölkə daxilində, həm də xaricdə müəyyən bir tamaşaçı kütləsi izləyir və onun danışığı, özünü aparması başqalarına təsir edir. O bu məsuliyyəti dərk etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti