...

Azərbaycanla İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2015 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrailin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Dan Stavla tanışlıq görüşü olub. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.

Bildirilir ki, görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dünyada yaşanan siyasi-iqtisadi böhran proseslərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu social-iqtisadi siyasəti nəticəsində ölkəmizdə dinamik iqtisadi inkişafın davam etdiyini vurğulayıb.

Nazir son 12 ildə milli iqtisadiyyatda 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artımın əldə edildiyini, ölkəmizin artıq Cənubi Qafqaz iqtisadiyyatının 75%-nə malik olduğunu, bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə ölkəmizin dünya miqyasında ön sıralarda olduğunu diqqətə çatdırıb: "Məhz ölkə iqtidarının sosialyönümlü siyasəti qeyd olunan dövrdə əhalinin gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələyərək 6,5 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfə artmasına, 1 mln. 400 mindən çox yeni iş yerinin açılmasına imkan verib. Bu proseslər Azərbaycanda işsizliyin ümumən Avropa məkanındakı 11,5 faizlik göstəricidən xeyli aşağı - 4,9 %-dək enməsinə, yoxsulluğun isə ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı -5%-dək azalmasına səbəb olub".

S.Müslümov ölkəmizdə demoqrafik vəziyyətin sabit, miqrasiya saldosunun müsbət olduğunu, sosial məqsədlər üçün ayrılan dövlət vəsaitlərinin ilbəil artırıldığını, gələn ilin dövlət büdcəsinin də sosialyönümlü olacağını qeyd edib, respublikamızda bütün sosial proqramların yüksələn xətlə davam etdirildiyini bildirib: "Xüsusi proqramlar çərçivəsində dövlət hesabına 4,6 minə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilib. Yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil veriləcək. Həmçinin imtiyazlı təbəqələrdən olan 5550 nəfərə yaxın şəxs dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunub. Onların 31,2 faizinə məhz ötən il və cari ilin keçən dövründə minik avtomobili verilib. Respublika əhalisinin təqribən 4,1 faizinə, yəni 400 mindən çox insana sosial müavinət ödənilir. Həmçinin 53,5 minədək imtiyazlı şəxs Prezidentin təqaüdləri, 1,3 milyonadək insan əmək pensiyası, 500 mindən çox insan ünvanlı sosial yardımla, 5,5 mindən çox şəxs sosial xidmətlə və s. təmin olunur. Ölkədə əhalinin təqribən 22 faizdən çox hissəsi bu gün sosial təminat sistemi ilə əhatə edilib".

Nazir Azərbaycanda əmək və sosial təminat sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi yönündə aparılan işlər barədə məlumat verib. O, əmək müqavilələri bildirişləri üzrə elektron informasiya sistemindən bəhs edib, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ texnologiyalar əsasında müasirləşdirilməsi, avtomatlaşdırılmış xidmət mexanizmlərinin tətbiqi sahəsində aparılan islahatları diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, İsraillə ölkəmiz arasında daim güclənən əlaqələr iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır.

D.Stav ölkəsinin sabitlik və tolerantlıq məkanı olan Azərbaycanla əməkdaşlığının daim inkişaf etməsindən məmunluğunu ifadə edib. O, ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək və sosial təminat sistemində aparılan uğurlu işlərin də onda böyük maraq doğurduğunu bildirib.

D.Stav Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında bu sahədə də əməkdaşlıq üçün səylər göstərəcəyini vurğulayıb. Görüşdə Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti