...

Azərbaycana gələn bəzi əcnəbilər üçün aşağı büdcəli tur paketlər hazırlana bilər

Cəmiyyət Materials 12 Noyabr 2015 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycana gələn bəzi ölkə vətəndaşları üçün müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması məsələsi müzakirə edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkənin gəlmə turizm imkanlarının genişləndirilməsi və xarici turistlər üçün əlverişli şəraitin yaradılması kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə ortaq fəaliyyətə dair yaradılan İşçi Qrupun ilk toplantısı keçirilib. Görüşdə bır sıra məsələlər müzakirə edilib və bununla bağlı 2016-cı ildə ortaq fəaliyyət göstərməyə dair razılıq əldə edilib. Görüşdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbul etmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliğinin aparılması, bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları"nın ortaq milli stendlə iştirakının həyata keçirilməsi, hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadəsi məsələləri müzakirə edilib.

Yaxın müddət ərzində 2016-cı il üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planın həyata keçirilməsi üzrə sənəd imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti