Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Bu gün Dövlət Bayrağı Meydanında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının gənc əsgərlərinin təntənəli hərbi andiçmə mərasimi keçirilib.
Daxili Qoşunlardan Trend-ə verilən məlumata görə, mərasimdə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov iştirak edib.
Qoşunların Veteranlar Şurasının üzvlərinin və əsgər valideynlərinin də qatıldığı mərasimdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.
Sonra gənc əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına söz veriblər.
General-leytenant Ş.Məmmədov hərbi andı qəbul edən gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib.
Hərbi andiçmə mərasimi gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.
Qeyd edək ki, mərasimdən sonra Ş.Məmmədov Dövlət Bayrağı Meydanına toplaşmış əsgər valideynləri ilə görüşərək onların istək və təkliflərini dinləyib.