...

Sabirabadın 2 kəndinə təbii qaz verilib

Cəmiyyət Materials 21 Noyabr 2015 17:25 (UTC +04:00)

Bakı. Trend:

Sabirabad rayonunun 2 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, noyabrın 21-də Sabirabad rayonunun Qaragüney və Qarağac kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Sabirabad rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məruzə edilib ki, 722 abonenti olan Qaragüney kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67 260 uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 722 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qarağac kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 36 957 uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışaraq qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti