Bakı. Elçin Mehdiyev - Trend:
Hal-hazırda "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri cəlb olunub: "Eyni zamanda gəmilərimiz sahil boyu axtarışları davam etdirir. Axtarışlara həmçinin Dövlət Sərhəd Xidmətinin helikopterləri və gəmiləri cəlb olunub".
E.Mirzəyev deyib ki, FHN ilə SOCAR hadisə yerinə birgə uçuş təşkil edirlər: "İtkin düşmüş neftçilərin yaxınları Günəşli yatağının 10-cu özülündə olacaqlar, öz gözləri ilə yaxınlarının harada işlədiklərini və itkin düşdüklərini görəcəklər".
Nazir müavini qeyd edib ki, bu günə qədər hava şəraitindən asılı olmayaraq xilasetmə və axtarış işləri dayandırılmayıb: "Hər gün bu işlər həyata keçirilib".
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov də jurnalistlərə bilidirb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq onların axtarışlarda iştirakına icazə verilib: "Neftçilərin ailə üzvləri təlimatlandırılıb. Onlar hadisə yerinə aparılıb axtarışlarda iştirakını təmin edəcəyik".