Bakı. Trend:
"Burada qeyri-islam dini liderləri bizimlə birgə iştirak edirlər. Biz tez-tez müsəlman məbədləri ilə yanaşı, xristian, yəhudi ibadətgahlarında görüşürük. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq, multikulturalizmin nümunəsidir. Bu, bizim həyat tərzimizdir, dövlətimizin siyasəti, dünyaya örnək olan Azərbaycan reallığıdır. Mən dini liderləri də səmimi salamlayır, onlara "Xoş gəlmisiniz" deyirəm".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdə çıxışnda deyib.
A.Paşazadə daha sonra bildirib: "Milli mənəvi dəyərlərimizə önəm verən İlham Əliyev həzrətlərinə dindarlar həmişə dualar edirlər. Dünyada baş verən hadisələr fonunda - islamofobiya, İslam adından sui-istifadə edərək törədilən qırğınlar, Yaxın Şərqdə və qonşu ölkələrdə qanlı faciələr, iqtisadi, siyasi böhranlar, Azərbaycan torpaqlarının 20 faizinin erməni ekstremistləri tərəfindən işğal edildiyi halda, erməni lobbisinin bizə qarşı məqsədyönlü təxribatlar apardığı dönəmlərdə Azərbaycanı bu bəlalardan hifz etmək, Ulu Öndərin bizə əmanət etdiyi müstəqilliyimizin qorunub saxlanılması üçün gecə-gündüz zəhmət çəkən dövlətimizin başçısı İlham Əliyev həzrətlərinin, mədəni irsimizi dünyada təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın azərbaycançılıq naminə gələcək fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirəm. Vaxtının az olmasına baxmayaraq, Mehriban xanım tez-tez bu ziyarətgaha gəlib fikirlərini söyləyib.
Müqəddəs Kəbə Evində Sizə dualar edən, hər zaman Sizin yanınızda olan, dəstəkləyən Azərbaycan dindarları adından doğma Vətənimizi canından artıq sevən, dövlətçiliyimizin, müstəqilliyimizin bünövrəsini qoyan Heydər Əliyev həzrətlərinə, onun həyat yoldaşı akademik Zərifə xanım Əliyevaya burada, müqəddəs "İmamzadə" ziyarətgahında Uca Allahdan rəhmət diləyir, onların cənnətməkan olmaları üçün dualar edirəm.
Azərbaycan torpağı həmişə müqəddəslərə qucaq açmış, onlara sığınacaq olmuşdur. Buna misal olaraq, Qurani-Kərimdə xatırlanan Xızır Peyğəmbərin Beşbarmaq dağında zühuru, xristianlığa qədərki tarixdə Dağyənusun zülmündən bir dəstə mömin gəncin Naxçıvanın Əshabi-Kəhf mağarasına sığınması, Cərciz Peyğəmbərin zərihinin Beyləqanda olmasını və digərlərini qeyd etmək olar. İslamın gəlişindən sonra Əməvilər dövründə zülmə düçar olmuş müqəddəs Əhli-Beyt sülaləsinin Azərbaycana üz tutmuş nümayəndələrinin türbələri ölkəmizin müxtəlif bölgələrində mövcuddur. VIII İmam Rza Əleyhissəlamın bacıları Həkimə xanımın Bibiheybətdə, Rəhimə xanımın Nardaranda, Həzrəti Əlinin oğlu, İmam Hüseynin qardaşı Əbülfəz Abbasın övladlarının Bərdə İmamzadəsində, imamzadə İbrahimin isə Gəncədə zərihinin olması Vətənimizi zinətləndirmişdir. Bütün bunlar sübut edir ki, Azərbaycan qədim, şərəfli tarixə malikdir, Nuh Əleyhissəlamdan bu yana müqəddəslərin üz tutduğu, əməlisalehlər üçün ikinci vətən olmuş mübarək məkandır və ta qədimdən mədəni-mənəvi dəyərləri ilə dünyada tanınmışdır.
Kərbəlada İmam Hüseyni ziyarət edərkən onun kölgəsində uyuyan imam aşiqi mütəfəkkir şairimiz Məhəmməd Füzulini də yad etdiyimiz kimi, Gəncədə də imamzadə İbrahimin məqbərəsi yaxınlığında dəfn olunmuş Şeyx Nizamini yad etmək imkanından fərəh duyuruq. Bu, təsadüfi hal deyil və Gəncə əhalisinin Əhli-Beytə olan məhəbbətinin bariz nümunəsidir.
Xalqımızın tarixi yaddaşı üçün önəmli məqamlardan birini mən Sizin diqqətinizə ilk dəfə məhz burada - bu mübarək məkanda çatdırmaq istərdim. 1976-77-ci illərdə - ateist təbliğatının tüğyan etdiyi zamanlarda dəvət olunduğum Dini işlər üzrə müvəkkillikdə Gəncə, o zamankı Kirovabad kommunistlərinin Moskvadan, Siyasi Bürodan Suslovun dərkənarı ilə daxil olmuş şikayət ərizəsi müzakirə olunurdu.
Gəncədə kommunist təbliğatını apara bilmədiklərindən şikayətlənənlər şəhəri hədsiz mövhumat məkanı kimi təqdim edərək, "İmamzadə" ziyarətgahını sıradan çıxarmağı təklif edirdilər. Qərara alınmışdı ki, ziyarətgah təmir adı altında hasara alınaraq gizli surətdə məhv edilsin. Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi, lakin bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım. Mənim üçün çox təhlükəli olsa da, bu addımı atdım. Şükürlər olsun ki, Zərifə xanım bu xəbərə yüksək diqqət göstərərək, Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi. Heydər Əliyevin məsələyə müdaxiləsi tezliklə öz müsbət nəticəsini verdi. Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan oldu. Bu, nəinki Azərbaycan, bütün bölgə müsəlmanlarına Heydər Əliyevin böyük töhfəsi idi.
Bu zərihin üzərində Ulu Öndərin və Zərifə xanımın haqqı var. Odur ki, mən çıxışımın əvvəlində onların ruhlarına Allah-Təaladan rəhmət dilədim. Əlhəmdülillah, Heydər Əliyev imamlarımızın əmanəti olan bu məkanı bizim üçün qorudu, İlham Əliyev həzrətləri Azərbaycan və bütün bölgə müsəlmanlarına burada möhtəşəm kompleks hədiyyə etdi. Müstəqil Azərbaycan var olduqca, bu müqəddəs məkan da yaşayacaqdır.
Bu gün Azərbaycanda dövlət mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır, dini məbədləri rövnəqləndirir, dini icmalara yardım və himayəsini əsirgəmir. Dindarlar buna görə dövlətimizə və dövlətimizin başçısına minnətdardırlar və bu siyasətə sadiqdirlər.
Zati-aliləri. Həzrət imamzadə İbrahim Əleyhissəlam, Əhli-Beyt xatirinə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət diləyirəm. Bu müqəddəs yerdə dua edirəm ki, Uca Allah bizlərə nəsib etdiyi müstəqillik, sabitlik və əmniyyəti daimi etsin. Amin!
Bu kompleksdə görülmüş işlərin mənəvi dəyəri heç bir söz və təriflə ölçülə bilməz. Bu işdə zəhməti olan hər kəsə, xüsusən dövlətimizin başçısı İlham Əliyev həzrətlərinə, həmçinin Gəncə şəhər rəhbərliyinə dərin minnətdarlığımızı bildirmək istərdim. Bütün müsəlmanlar kimi, mən də dinimiz üçün etdiklərinizin qarşılığında dua edirəm ki, bu böyük əməlin savabını Allah-Təala Əliyevlər ocağına, bütün Azərbaycan xalqına versin, İlham Əliyev həzrətlərini Uca Allah bütün bəlalardan qorusun, onu hər zaman müzəffər qərar versin.
Möhtərəm cənab Prezident, Uca Allah Sizi və ailənizi xoşbəxt etsin, Sizə övladlarınızın və nəvələrinizin sevincini nəsib etsin!
Allah-Təala namazlarımızı qəbul, dualarımızı müstəcab etsin. Amin!"