Bakı. Anaxanım Hidayətova - Trend:
Qlobal Bakı Forumu ən aktual müasir çağırışları müzakirə etməyə imkan verən çox mühüm hadisədir. Bunu Trend-ə Bakıda IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclasının kuluarlarında Kanadanın sabiq Baş naziri Jan Kretyen deyib.
O, qeyd edib: "Biz liderlər hər il görüşürük, dünyadakı problemləri öyrənirik, həll yollarını təklif edirik, öz tövsiyələrimizi hazırlayırıq və onları hökumətlərə göndəririk".
J.Kretyenin sözlərinə görə, Forumda iştirak edəcək insanlar müxtəlif sahələrdə böyük təcrübəyə malikdirlər, onlar sabiq prezidentlər və nazirlərdir: "Düşünürəm ki, hər hansı problemi müzakirə etmək olduqca əhəmiyyətlidir, təcrid olunma dəhşətlidir. Əgər sən başqasını tanımırsansa, onun haqqında yanlış fikirdə ola bilərsən, lakin yaxın tanışlıqdan sonra hər şey dəyişir".
Qeyd edək ki, martın 10-11-də Azərbaycanda IV Qlobal Bakı Forumu keçiriləcək. Tədbirdə 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcəklər.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar.