Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda turistlərin təhlükəsizliyi, eyni zamanda xaricdə səfərdə olan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, turizm sahəsində zəmanət, turizm sahəsində istehlakçıların sığortalanması məsələləri qanunla tənzimlənəcək.
Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" yeni qanun layihəsinin ilkin variantının müzakirəsi zamanı deyib.
Turistlərin təhlükəsizliyi məsələsinin çox vacib olduğunu deyən M.Qəhrəmanov bildirib ki, yeni layihəyə Azərbaycan vətəndaşları xaricdə olarkən, yaxud ölkənin müxtəlif ərazilərində turist səfərləri zamanı problemli halların aradan qaldırılması ilə bağlı turistlərin təhlükəsizliyinin təmini, sığortalanması məsələləri öz əksini tapıb".
Nazirlik rəsmisi deyib ki, əsas məsələlərdən biri turistlərin təhlükəsizliyini təmin edən turist marşrutlarının yaradılması, onların pasportlaşdırılmasıdır: "Azərbaycanda mövcud olan qeyri-maddi və maddi abidələr bizə imkan verir ki, ölkəmizi kifayət qədər cəlbedici turizm məkanına çevirmək üçün turist marşrutu yaradaq".