Bakı. Trend:
2016-cı ilin 12-14 aprel tarixlərində Çinin Pekin şəhərində keçiriləcək COTTM-2016 beynəlxalq turizm sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, yerli turizm şirkətləri və "Azərbaycan Hava Yolları"nın iştirakı planlaşdırılır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, adıçəkilən sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov tərəfindən təmsil olunacaq. Həmçinin sərgidə 4 yerli turizm şirkəti, "Geo travel", "The Tour", "Regea Travel", "AzTerra travel" və "Azərbaycan Hava Yolları" iştirak edəcək.
Sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 39 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq beşinci dəfədir ki, Pekində keçirilən COTTM beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 65 ölkədən 300-ə yaxın şirkət təmsil olunacaq.
Qeyd edək ki, ötən il ərzində Çindən ölkəmizə 5 000 nəfərdən çox turist səfər edib.