...

Avropalı gənclər Gəncə ilə tanışlıqdan məmnun olublar (FOTO)

Cəmiyyət Materials 4 May 2016 11:40 (UTC +04:00)
Gəncədə Avropa Gənclər Paytaxtı 2016-nın rəsmi açılışı ilə bağlı tədbirlərə bu gündən başlanılıb.
Avropalı gənclər Gəncə ilə tanışlıqdan məmnun olublar  (FOTO)

Bakı. Trend:

Gəncədə Avropa Gənclər Paytaxtı 2016-nın rəsmi açılışı ilə bağlı tədbirlərə bu gündən başlanılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Avropa Gənclər Forumu, Avropa Gənclər Paytaxları Şəbəkəsi, Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, Gənclərin Anlaşma və Mübadilə Təşkilatı, Nüfuzlu xarici milli şuralar, Xarici ölkələrin səfirləri 3 gün ərzində Gəncənin qonağı olacaqlar. Tədbirlərdə iştirak edən qonaqların bir qismi bu gün şəhərlə tanış olublar.

Səhər saatlarından etibarən şəhərə gələn yerli və xarici qonaqların hava limanında qarşılanması təşkil edilib. Daha sonra şəhərlə tanışlıq başlayıb. Nüfuzlu xarici təşkilatların rəhbər və nümayəndə heyətləri Məhsəti Gəncəvi Mərkəzində "Küçələrə su səpmişəm" xalq mahnısının sədaları altında qarşılanıblar. Rəsm əsərləri, uşaq və gənclərin əl işləri, Azərbaycan xalçaları, milli musiqi alətləri qonaqlarda maraq doğurub.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Ciobanu deyib: "Bu, mənim Gəncəyə artıq 3-cü səfərimdir. Gəncə bu dəfə də məni öz gözəlliyi ilə təəccübləndirdi. Gəncədəki inkişaf həqiqətən də hiss olunur. Əvvəlki səfərlərimin birində Gəncə gəncləri ilə ünsiyyət qurmaq imkanım olmuşdu. Onlar çox açıq fikirli, savadlı gənclərdir".

"Kluj Napoka Avropa Gənclər Paytaxtı 2015"-in nümayəndəsi Fernea Kodruta isə bildirib: "İnsanların qonaqpərvərliyindən, bizə göstərilən xoş münasibətdən razıyam. Nə soruşuruqsa, bizə yardım etməyə çalışırlar. Çox xoşbəxtəm, fəxr edirəm ki, Gəncə gənclər paytaxtı seçilib və mən burada iştirak edirəm".

Sonra Moldova Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti Karolina Dodon deyib ki, iki il öncə Azərbaycanda, Bakıda olmuşam: "Bakı səsli-küylü, aktiv şəhərdir. Gəncə isə nağıllar şəhəridir, sakit, sevimli və tarixi. Sizin binalarınız çox gözəldir, harmonik və xoşagəlimlidir, küçədə gəzmək çox xoşdur".

Növbəti dayanacaq Nizami Gəncəvi məqbərəsi və muzeyi olub. Dahi Azərbaycan şairinin qəbri ziyarət edilib. Daha sonra Nizami müzeyində şairin "Xəmsə"si, xaricdən gətirilən əlyazmaları qonaqlara nümayiş etdirilib. Gənclər paytaxtının qonaqlarına burada saxlanılan dəyərli xalça və rəsm əsərləri haqqında da məlumat verilib.

"Kaşkais Avropa Gənclər Paytaxtı 2018"-in nümayəndəsi Ana Filipa Maximo ilk dəfədir Gəncə şəhərində olduğunu deyib: "Burada bizi çox gözəl qarşıladılar. Şəhəriniz çox gözəldir. Bu gəzinti zamanı məni heyran edən Məhsəti Gəncəvi Mərkəzi oldu. Orada nümayiş olunan milli geyimləriniz məni xüsusi ilə valeh etdi".

Gəncənin hərb tarixi, əhalisinin məişəti və süfrə mədəniyyəti, yaşadılan ənənələri isə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə tanışlıq zamanı qonaqlara təqdim edilib.

Şəhərlə ətraflı tanışlıqdan sonra avropalı qonaqlar Azərbaycanın təbiət incilərindən olan Göygölü görmək üçün Milli Parka gəliblər. Burada isə onları dumanlı və çiskinli hava qarşılayıb.

"Kluj Napoka Avropa Gənclər Paytaxtı 2015"-in nümayəndəsi Tamas Szabo bildirib: "Mən Azərbaycanda, Avropanın bu hissəsində ilk dəfədir oluram. Ona görə də mənə hər şey maraqlı gəlir. Hiss olunur ki, şəhərin özü də, ətrafı da iqtisadi baxımdan, infrastruktur cəhətdən çox inkişaf edib. Mən dağları çox sevirəm, amma indi duman səbəbindən görə bilmirəm. Ona görə, gərək ilin başqa fəslində buraya yenidən gəlim".

Sonra isə Avropa Gənclər Forumun nümayəndəsi Lora Lubonova qeyd edib: "Bu gün mənim Gəncədə ilk günüm idi. Məhsəti Gəncəvi Muzeyində oldum. Özüm feminist olduğumdan bir xanımın adını daşıyan mədəniyyət mərkəzi görmək mənə çox xoş oldu. Ölkəmə qayıdandan sonra oradakı dostlarıma Məhsəti Gəncəvi barədə danışacağam".

Əvvəllər də Gəncə şəhərində olduğunu qeyd edən Rumıniya nümayəndəsi Andras Farkas isə deyib: "Bu şəhəri bəyənirəm. Gəncə ilə əlaqələr inkişaf etdirilməlidir. Düşünürəm ki, Avropa Gənclər Paytaxtı seçilməsi bu işdə böyük kömək olacaq".

Daha sonra əcnəbi qonaqlar açıq havada canlı musiqinin sədaları altında onların şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər.

Ardınca isə qapalı məkanda Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.

Qeyd edək ki, açılış mərasiminə İrlandiya, İtaliya, Portuqaliya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, Yunanıstan, Bolqarıstan və digər ölkələrdən nümayəndələr dəvət olunublar.

Proqrama Gəncə şəhərindəki Gənclər Evinin və "Gəncə - Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışı, müxtəlif sərgilərin təşkili, Avropa Paytaxtları Şəbəkəsinin görüşü, "Qadınlar zirvədə" layihəsinin təqdimatı və digər tədbirlər də daxildir.

"Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti