...

Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir

Cəmiyyət Materials 12 May 2016 12:13 (UTC +04:00)
Hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir.
Səhiyyə Nazirliyi: Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir

Bakı. İlhamə İsabalayeva-Trend:

Hazırda Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam stabildir.

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.

Onun sözlərinə görə, yay mövsümü üçün aktual ola bilən vəba xəstəliyi ilə bağlı vəziyyəti öytənmək üçün hər il may ayından oktyabr ayına kimi 16 stasionar nöqtədə açıq su mənbəyindən su nümunələri götürərək yoxlanılır: "Digər yoluxucu xəstəliklər, eləcə də quş qripi ilə bağlı heç bir təhlükə yoxdur. Çünki yay fəslində belə hallar demək olar ki, müşahidə olunmur. Buna səbəb yayda quşların miqrasiyasının olmamasıdır".

Stansiyanın direktoru deyib ki, ötən illərin müvafiq dövrləri ilə müqayisədə bu ilin ilk 4 ayında Azərbaycanda yoluxucu xəstəliklərə yoluxma ilə bağlı azalma tendensiyası müşahidə olunur: "Əsas müraciətlər mövsümi qriplə əlaqəli olub. Əvvəlki illərə nisbətən bu sahədə azalma qeydə alınıb".

R.Abdullayev deyib ki, ölkədə hər hansı təhlükəli virusa yoluxmuş xəstələrin aşkarlanması üçün sərhədlərdə yoxlama komissiyaları fəaliyyət göstərir: "Bütün hərarətli xəstələr yoxlanılır. Əgər onlarda hansısa yoluxucu xəstəliklər aşkar olunarsa, həmin şəxslər Ağciyər İnstitutunda hospitallaşdırılır və müayinələri aparılır".

R.Abdullayev bildirib ki, stansiyanın yeni referens laboratoriyası qurulur: "Stansiya 2 aydan sonra yeni binaya köçəcək. Orada müasir tipli laboratoriya fəaliyyət göstərəcək. Yeni bina Nizami rayonu ərazisində olacaq. Hazırda həmin binada son tamamlanma işləri gedir. Orada bioloji təhlükəsizliyin 4 səviyyəsindən 3-ü üzrə laboratoriya təşkil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti