...

Millət vəkili: Almaniya Parlamentinin qərarını qınayırıq

Cəmiyyət Materials 2 İyun 2016 23:29 (UTC +04:00)
Almaniya parlamentinin qondarma, sözdə "erməni soyqırımı" yalanları ilə bağlı qərarına Azərbaycan türkləri olaraq etiraz edir və bu qərarı qınayırıq.
Millət vəkili: Almaniya Parlamentinin qərarını qınayırıq

Bakı. Trend:

Almaniya parlamentinin qondarma, sözdə "erməni soyqırımı" yalanları ilə bağlı qərarına Azərbaycan türkləri olaraq etiraz edir və bu qərarı qınayırıq. Bu barədə Trend-ə millət vəkili Qənirə Paşayeva bildirib.

Millət vəkilinin sözlərinə görə, ermənilərin 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda Xocalıda törətdiyi soyqırımı görmək istəməyənlərin qondarma, sözdə "erməni soyqırımı" yalanları ilə bağlı aldığı qərarların arxasında dayanan böyük maraqları, təhlükəli plan və niyyətləri hamı bilir: "Almanya bu qərarla sadəcə Türkiyəyə zərər vurmadı, Azərbaycana, bütün türk dövlətləri, toplumlarımıza, bir sözlə bütün millətimizə qarşı böyük ədalətsizlik etdi".

Q.Paşayeva deyib ki, türk millətinin şərəfli keçmişi var: "Bizim utanacaq heç bir şeyimiz yoxdur, amma Almaniya parlamenti yaxşı olardı ki, öz əcdadlarının tarixinə baxardılar. Utanacaq çox şey var. Almaniya bu qərarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun üzvü kimi obyektiv rol oynaya biləcəyi ilə bağlı düşüncələrə də böyük zərbə vurdu. Artıq heç bir Azərbaycan türkü Almaniyanın obyektiv rol oynaya biləcəyinə inana bilməz. Bu qərarla Türkiyəyə zərbə vurduqlarını düşünənlər bilməlidir ki, dünyanın hər yerində yaşayan türk insanı olaraq sizin inadınıza daha da çox Türkiyənin yanındayıq".

O, həmçinin bildirib: "Sizin bu yalanlarınızı da, qərarlarınızı da türk millətinin övladları olaraq heç bir zaman qəbul etməyəcək və hər zaman mübarizə aparacağıq. Sosial şəbəkədə bir alman sivil toplum təşkilatı başqanı mənə "amma parlamentdə dəstək verən türklər də olub" deyə yazıb. Buna dəstək verən bizdən ola bilməz deyə yazdım. Mən şəxsən bu millətin bir övladı kimi bunu açıq şəkildə söyləyirəm. Bu cür adamlar bizim millətdən olduğunu söyləyə bilər, amma bizdən deyil! Və belələrinə qarşı hər zaman ciddi mövqeyimizi ortaya qoymalıyıq. Bütün insanlarımız, gənclərimiz sosial mediada Almanya millət vəkillərinə öz etirazlarını yazmalı və nə qədər böyük bir səhvə yol verdiklərini söyləməlidirlər".

Millət vəkilinin fikrincə, Almaniyada yaşayan yüzminlərlə türk insanı isə bundan sonra bu yalanlarla daha da aktiv mübarizə aparmalıdır və əsl gerçəkləri, Xocalı soyqırımını daha da çox anlatmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti