Bakı. Maksim Tsurkov – Trend:
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsinin açılış və bağlanış mərasimlərində baş rolu oynayan bədii gimnastika üzrə Azərbaycan yığmasının baş xoreoqrafı Kamil Quliyev özü və yarışların sonuncu günü haqqında danışıb.
K.Quliyev Trend-ə bildirib ki, Dünya Kubokunun açılış və bağlanış mərasimlərində Balaca şahzadə rolunu oynayır: “Bu, iştirak etdiyim ilk belə mərasim deyil. 2014-cü ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatının açılış mərasimində, digər oxşar mərasimlərdə iştirak etmişəm, həmçinin son Yeni il qala-tamaşasında baş qəhrəman - Piter Pen idim. Baş tərtibatçı Mariana Vasileva ən çox məni məhz belə tamaşalarda əsas rollar üçün təyin edir. Çünki mən xoreoqrafam, çoxdandır bu sahədəyəm. Bundan əvvəl bal rəqsləri ilə məşğul olmuşam, Azərbaycan çempionu olmuşam, sonra bədii gimnastikaya gəldim və hazırda yığmanın baş xoreoqrafıyam".
Qeyd edək ki, ilk dəfə K.Quliyev 2013-cü ildə Kiyevdə keçirilən dünya çempionatının qala-konsertində özündən söz etdirib və həmin vaxt onun iştirakı ilə videoçarx “Youtube”da xeyli sayda baxış toplayıb.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun halqa və topla hərəkətlər üzrə qalibləri mükafatlandırılıb (FOTO)
Yığmanın xoreoqrafı etiraf edib ki, bu Dünya Kubokunun açılış və bağlanış mərasimlərində hansısa konkret ideyalar təklif etməyib: “Lakin necə rəqs etməyim öz baxışımdır, heç kəs bunu necə etməyimi deməyib. Yaxşı rəqqas sadəcə əzbərlənmiş hərəkətlər üzrə rəqs etməli deyil, improvizə etməyi bacarmalıdır. Peşəkar, yaxşı rəqqas çıxış zamanı hər hansı əngəl yaranırsa və nəsə plan üzrə getməzsə, improvizə etməyi bacarmalıdır. Yeni il tamaşası zamanı uşaqlar xalçaya vaxtından əvvəl çıxdı və biz dərhal reaksiya verərək bunun guya əvvəlcədən düşünüldüyünü göstərdik. Əgər sən hətta yıxılmısansa, bunun sanki belə olmalı olduğunu nümayiş etdirməlisən”.
O əlavə edib ki, iri turnirlərin qarşıdakı tamaşalarında və mərasimlərində iştirak edəcək və rəqs nömrələri hazırlayacaq: “Adətən, irimiqyaslı tamaşalara hazırlıq ay yarım əvvəl başlayır. İki həftə qalmış hazırlıq prosesində təmizləmə aparılır. Bu, Dünya Kubokunda da belə oldu. Bu gün sonuncu gündür, bizi çox maraqlı bağlanış mərasimi gözləyir. Mərasimdə dünyada baş verən bütün xoşagəlməz hadisələrə baxmayaraq, idmanın şərə qalib gəlməyə qadir olduğu göstəriləcək”.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.