Bakı. Maksim Tsurkov - Trend:
Bu gün Bakıda Milli Gimnastika Arenasında təşkil edilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa və topla hərəkətlər üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana, FIG-nin baş katibi Andre Qaysbuhler və Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev iştirak ediblər.
Həmçinin mərasimdə cari ildə Dünya Kubokunun 9-cu mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunu üzrə FIG Kuboku təqdim olunub. Halqa ilə hərəkətlərin yekunu üzrə mükafat rusiyalı Marqarita Mamuna, topla hərəkətlərə görə isə digər rusiyalı gimnast Aleksandra Soldatovaya verilib.
Mükafatları FIG-nin baş katibi A.Qaysbuhler və Federasiyanın Texniki Komitəsinin vitse-prezidenti N.Abuşabana təqdim ediblər.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçirilir.