...

Bilik Fondu yeni dərs ilinə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirələrlə başladı (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2016 17:39 (UTC +04:00)
Prezident yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkənin bütün bölgələrində mühazirələr təşkil edir.
Bilik Fondu yeni dərs ilinə “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirələrlə başladı (FOTO)

Bakı. Trend:

Prezident yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkənin bütün bölgələrində mühazirələr təşkil edir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. Ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, media mənsubları məktəblilər və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şuşa şəhəri, Malıbəyli kənd tam orta məktəbində və Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbdə, əməkdar müəllim Əjdər Ağayev Binəqədi rayonu 246 nömrəli tam orta məktəbdə, Alban-udi xristian icmasının sədri Robert Mobili Ağdaş şəhər 9 nömrəli tam orta məktəbdə, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Yasamal rayonu Zərifə Əliyeva adına liseydə, akademik Vaqif Abbasov Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Qusar rayonu B.Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbdə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Nizami rayonu 145 nömrəli məktəbdə mühazirələr deyiblər.

Məktəblilər və müəllimlər, eləcə də yerli əhali Bilik Fondunun artıq üçüncü ildir ki təşkil etdiyi mühazirələrdən razı qaldıqlarını, gənc nəslin dünyagörüşünün hərtərəfli inkişafında bu dərslərin danılmaz rolu olduğunu bildiriblər.

Nardaran məktəblisi Mətanət Quliyeva bir qəsəbə məktəbində akademikin, xüsusilə dövlət müşavirinin dərs deməsini həmin qəsəbənin sakinləri və şagirdləri üçün təhsilə və elmə yönəlmiş böyük bir stimul kimi dəyərləndirib: “Bu gün bizim ilk dərsimizi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev apardı. Kamal müəllimin bizim şagirdlərimizə, müəllimlərimizə və yerli ziyalıların nümayəndələrinə mühazirə deməsini hər birimiz çox yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, məktəbimiz üçün olduqca böyuk uğurdur. Düşünürəm ki, bu gün şagirdlərimiz akademik Kamal Abdullayevdən həm maraqlı mühazirə dinlədilər, həm də böyük şəxsiyyətlə bir daha üzbəüz ünsiyyətdə oldular. Bu, onlar üçün böyük həyat dərsidir”.

Tərtər Rayon Təhsil şöbəsinin inspektoru Rasim Bayramov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yarandığı vaxtdan rayonda bir-birindən maraqlı maarifləndirici layihələr həyata keçirdiyini deyib: “Bilik Günü münasibəti ilə Tərtərdəki İ.Məmmədov adına 2 nömrəli məktəb-liseydə “Heydər Əliyev və Azərbaycan” mövzusunda deyilən mühazirə təkcə məktəblilərin deyil, rayon ziyalılarının da böyük marağına səbəb oldu. Mən özüm də mühazirədə iştirak etdim, inanıram ki, şagirdlər Yadığar Məmmədlinin mühazirəsinindən çox şey öyrənə bildilər”.

Füzuli rayonu Horadiz qəsəbə T.Mehdiyev adına 2 nömrəli məktəbin 10-cu sinif şagirdi Gülövşə Mahmudova belə layihələrdə tez-tez iştirak etmək arzuladığını bildirib: “Bilik Fondunun belə əziz bir gündə biz Horadiz məktəblilərini də unutmaması məni çox sevindirdi. Bu mühazirədən mən və yaşıdlarım çox şey öyrəndik. Mən Bilik Fondunun Könüllülər Birliyinə üzv yazılmaq istədiyimi də mühazirəçimiz Şəkər xanıma çatdırdım. İnanıram ki, gələcəkdə tələbə kimi də Fondun maarifləndirici layihələrinə qatılıb daha çox bilik əldə edəcəyəm”.

Qeyd edək ki, Bilik Fondu ötən il Bilik Günündə 158 orta və ali məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti