...

Dövlət müşaviri Bilik Gününü Nardaran və Malıbəyli məktəbliləri ilə qeyd edib (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2016 09:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir.
Dövlət müşaviri Bilik Gününü Nardaran və Malıbəyli məktəbliləri ilə qeyd edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şuşa şəhəri, Malıbəyli kənd tam orta məktəbində və Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb. Nardaran Bilik Evinin direktoru millət vəkili Dilarə Cəbrayılova dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışıb, məktəblilərə Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələr haqqında məlumat verib. Dövlət müşavirinin məktəblilərlə görüşünün yaddaqalan olacağına əminliyini vurğulayan D.Cəbrayılova bildirib ki, ölkənin əksər rayonlarında, həmçinin kəndlərdə tanınmış ziyalıların mühazirələrinin təşkil olunması gənc nəslin dünyagörüşünün inkişafında mütərəqqi addımdır.

Yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edən Dövlət müşaviri onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov Bilik Fondunun rayon əhalisi arasında apardığı maarifləndirici işlərdən razılıqla danışıb, Bilik Günündə Nardaranlı məktəblilərin görüşünə gələn Dövlət müşavirinə səmimi təşəkkürünü bildirib.

Tədbirdə müəllim və şagirdləri maraqlandıran sualları ətraflı cavablandıran K.Abdullayev dərsin iştirakçılarına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun hədiyyələrini və Multikulturalizm Mərkəzinin çap etdirdiyi kitabları, həmçinin özünün müəllifi olduğu kitabları onlara hədiyyə edib.

Sonra Malıbəyli kənd tam orta məktəbində Dövlət müşavirini Şuşa və Xankəndi məktəbliləri, müəllimlər və ziyalılar mehribanlıqla qarşılayıblar. Əvvəlcə Şuşanın tarixi, təbiəti ilə bağlı məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş olunub. Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkə rəhbərliyinin qaçqın və məcburi köçkün məktəblərinə hər zaman ayırdığı diqqəti yüksək qiymətləndirib, rayon məktəblilərinin, eləcə də gənclərin və yerli ziyalıların Bilik Fondunun həyata keçirdiyi layihələrdə yaxından iştirak etdiyini vurğulayıb.

Görüşdə çıxış edən Kamal Abdullayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən, Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətdən bəhs edib, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında ulu öndərin gördüyü işlər barədə danışıb. Dövlət müşaviri respublikamızda Bilik Fondunun təsis edilməsini və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olaraq dəyərləndirib, vətəndaş cəmiyyətinin inkişafı, tolerantlığın qorunub saxlanılması, Azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən danışıb. Həmçinin dərs iştirakçılarının “Siz orada olanda Şuşa necə idi?” sualına cavab olaraq Şuşa səfərinin təəssüratlarından söhbət açıb.
İşğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların tezliklə düşmən tapdağından azad olunacağına əminliyini bildirən K.Abdullayev ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan da danışıb: “İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müvəqqəti məskunlaşdığınız bu yerlərə tezliklə qonaq kimi gələcəksiniz.”

Bilik Günündə ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, media mənsubları məktəblilər və yerli sakinlərlə görüşüblər.
Xatırladaq ki, Bilik Fondu ötən il Bilik Günündə 158 orta və ali məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti