...

“Azərbaycan tolerantlıq nümunəsidir” (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2016 12:14 (UTC +04:00)
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.
“Azərbaycan tolerantlıq nümunəsidir”   (FOTO)

Bakı. Trend:

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, şərqşünas-alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı akademik Vasim Məmmədəliyev, Mərkəzdə və Fondda təşkil olunmuş ərəb dili kurslarının təlimçiləri və dinləyiciləri, Bilik Fondunun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibət, şahidi olduğu tolerant mühitdən bəhs edib. O deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkanda yerləşməklə multikultural ənənələrə sadiqliyini nümayiş etdirib.
Bilik Fondunun Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən bəhs edən icraçı direktor Oktay Səmədov tolerantlığımızın həm də ölkəmizin ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatı olduğunu diqqətə çatdırıb. Mühazirəçi onun Azərbaycan xalqının genetik yaddaşında kök salmış dəyər olduğunu da vurğulayıb.

Akademik Vasim Məmmədəliyev dünyada yayılmış bütün dinlərin nümayəndələrinin Azərbaycanda yaşadığını bildirərək ölkəmizdə onların hər birinə hörmətlə yanaşıldığını deyib: “Azərbaycan xalqının xəmiri qonşularına məhəbbətlə, başqa xalqlara və başqa dinlərin nümayəndələrinə hörmətlə yoğrulub. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin nümunə olduğunu etiraf edir”.

Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov tolerantlıq ənənələrini azərbaycançılıq ideologiyasının əsas dayağı kimi dəyərləndirib. Bildirib ki, sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət sərgilənib.

Gənclər adından çıxış edən Gülnar Xəlilova Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılmasında tolerantlığın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində yaşıdları qarşısında duran vəzifələrdən söz açıb. Tədbir iştirakçıları “Azərbaycan tolerantlıq nümunəsidir” adlı sənədli filmi izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti